Azərbaycan ordusu bizim fəxrimizdir - PAYTAXT SAKİNLƏRİ - SORĞU

26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur və bu əlamətdar gün müasir Azərbaycan Ordusunun yaranmasının rəsmi tarixidir. Bu hadisə ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə atılmış mühüm addımlardan biri hesab olunur. Xüsusilə 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, bu günün əhəmiyyətini daha da artıraraq, hər bir vətəndaşın qürur mənbəyinə çevrilmişdir. Bəs vətəndaşlarımız bu əlamətdar gün haqqında nələr düşünür? SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Zərifə Əliverdiyeva: "Mənim üçün 26 İyun təkcə bayram deyil, həm də qürur günüdür. Bu, elə bir gündür ki, bizə göstərir – Azərbaycan Ordusu var, güclüdür və daim bizim yanımızdadır. Bilirsiniz, bu ordu bizim balalarımızdı, qardaşımızdı, qonşumuzun uşağıdı. Yəni o postda duranlar bizdən biridir. Vətən müharibəsi zamanı bunu hər kəs bir daha gördü. Hər kəs bir nəfər kimi ordunun arxasında durdu. Ordumuz həm cəsarətini, həm də gücünü sübut elədi. Hər dəfə televizorda əsgərlərimizi görəndə, ürəyim qürurla dolur. Deyirəm ki, bax bu oğullar bizim torpaqlarımızı qoruyur, biz rahat yaşayaq deyə canlarını əsirgəmirlər.

Hər bir şəhidimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bu gün biz Qarabağ adını qürurla çəkə bilirik. Mənim üçün ordunun varlığı həm güvəncdi, həm də dayaq. Hara baxırsan, xalqın ordusuna olan sevgisi hiss olunur. Allah ordumuzu qorusun!".

Şəhər sakini Firəngiz İsmayılova: "Düzü, mən həmin günü hər il çox xüsusi hisslərlə qarşılayıram. Çünki Silahlı Qüvvələr Günü sadəcə bir tarix deyil, bu xalqın gücünün, iradəsinin simvoludur. Biz tarix boyu neçə-neçə çətinlik görmüşük, amma heç vaxt diz çökdüyümüzü görmədim. Bu da ordumuzun sayəsində olub.

Orduda xidmət edən bir əsgər sadəcə əsgər deyil, o həm də bir qəhrəmandı. O, isti evindən, ailəsindən uzaqda dayanır ki, biz rahat olaq. Bax bu özü böyük fədakarlıqdır. Bəzən televizorda görürük, bəzən şəklini paylaşırlar – o əsgərlərin hər birində bir vətən sevgisi var. O gözlərdə qorxu yoxdu, inam var".

Şəhər sakini Zahir Sadıqov: "Mənim üçün ordunun gücü təkcə tankla, silahla ölçülmür. Ordunun gücü xalqın ona olan sevgisində, dəstəyindədi. Biz bir yerdə olanda məğlubedilməzik – bunu tarix də göstərdi, müharibə də. 26 iyun bir bayramdır, amma həm də bir xatırlatmadır. Xatırladır ki, azadlıq öz-özünə gəlməyib. O azadlığı qorumaq üçün əsgər dayanıb sərhəddə, postda, dağda. Allah bütün əsgərlərimizi qorusun!".

Şəhər sakini Böyükişi Nuraliyev: "Mən sadə bir Azərbaycan vətəndaşıyam. Hər il 26 İyun gəlib çatanda ürəyim qürurla dolur. Çünki bu gün bizim gücümüzün, birliyimizin, vətən sevgimizin simvoludur – Silahlı Qüvvələr Günüdür.

Ordumuz bizim fəxrimizdir. Bu gün biz rahat yaşayırıqsa, bu, ön cəbhədə dayanan əsgərimizin, hərbçimizin sayəsindədir. Onlar yayda istidə, qışda soyuqda, dağda, sərhəddə dayanırlar ki, biz evimizdə rahat olaq. Elə bu kifayətdir ki, hər birimiz onları alqışlayaq, hörmətlə yanaşaq. Vətən müharibəsində ordumuz elə bir güc, elə bir iradə göstərdi ki, bütün dünya buna şahid oldu. Gənclərimiz, oğullarımız canından keçdi, şəhid oldu, amma torpağı tapşırmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!".

Şəhər sakini Ali Özkaya: "Mən bir Türkiyə vətəndaşı olaraq 26 İyunu yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün önəmli və qürurverici bir gün hesab edirəm. Çünki Azərbaycan Ordusunun gücü, əslində bizim ortaq gücümüzdür. Tarix boyu necə ki, biz eyni cəbhədə, eyni səngərdə döyüşmüşük, bu gün də ürəyimiz, amalımız birdir.

Mən Azərbaycan əsgərinə baxanda elə bilirəm ki, öz əsgərimizə baxıram. O cəsarət, o inam, o Vətən sevgisi – hamısı bizə tanışdır. Xüsusilə 2020-ci ildə Qarabağ Zəfəri zamanı biz Türkiyədəki hər bir vətəndaş olaraq o sevinci sanki öz torpağımız azad olmuş kimi yaşadıq. O zəfər yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsi oldu.

Azərbaycan Ordusu bu gün güclüdür, professionaldır və ən önəmlisi – xalqı ilə bir yerdədir. Bu birliyin qarşısında heç bir güc dayana bilməz. Biz hər zaman "bir millət, iki dövlət" deyirik. Bu sadəcə bir şüar deyil, bu – qardaşlığımızın, tariximizin və gələcəyimizin gerçək ifadəsidir".

Şəhər sakini Xatirə Qocayeva: "Düzü, əvvəllər Silahlı Qüvvələr Günü mənim üçün sadəcə bir tarix idi. Amma zaman keçdikcə, xüsusən də Vətən müharibəsindən sonra bu günə baxışım dəyişdi. İndi anlayıram ki, bu gün sadəcə hərbçilərin yox, bütün millətin bayramıdır. Çünki bizə azadlığı, torpağı, sabitliyi bəxş edən elə bu ordudur. Əsgərlər elə belə geyimdə insanlar deyil, onlar bizim üçün səssiz qəhrəmanlardır. Mənə görə, hər bir əsgər – istər postda dayanıb, istər təlimdə iştirak etsin – millətin dayağıdır. Onlar təkcə silah tutmurlar, həm də vətəni çiyinlərində daşıyırlar. Bəzən sosial şəbəkələrdə gənc əsgərlərin fotolarını görürəm, gözlərində qorxu yox, qürur var. Elə o baxışlar mənə çox şey deyir. Onlar bizi qorumağa hazırdırsa, biz də onları unutmalı deyilik".

Şəhər sakini Sərxan Rzayev: "Hər bir ölkənin dayandığı iki əsas sütun var: biri xalqdır, biri ordu. Bizim ordumuz isə xalqın içindən çıxan, xalqın nəfəsini alan, onunla bir döyünən bir ordudur. 26 İyun – Silahlı Qüvvələr Günü məhz o ordunun şərəfinə qeyd olunur. Mən heç vaxt hərbçi olmamışam, amma bu xalqın bir üzvü kimi deyə bilərəm ki, əsgər dediyin təkcə silah tutan biri deyil. Əsgər – ailəsindən, evindən uzaqda, sərhəddə dayanıb torpağını qoruyandır. Əsgər – anasının duası, xalqının ümidi, millətin qürurudur.

2020-ci ildə hamımız gördük ki, bu xalqın övladları necə vuruşur. Qorxmadan, geri çəkilmədən, canla-başla... O zaman mən anladım ki, bizim ordumuz təkcə texnika ilə yox, inamla döyüşür. İnamı olmayan heç bir güc qalib gələ bilməzdi. Amma bizimkilər qalib gəldi – çünki arxalarında millət dururdu.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə