"Bizdə artıq kişilər də lazer epilyasiyası etdirir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Zaman keçdikcə insanların tələbatı, estetik və həyati dünyagörüşü də dəyişir. Buna görə də bir çox insanlar bütün dünyada dəbdə olan trendlərə tez bir zamanda uyğunlaşmağa çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, istər bahalı mobil telefon almaq baxımından, istərsə də yüz minlərlə ölçülən qiymətə maşın, ev, villa əldə etmək üçün min bir əziyyətə qatlanmaq baxımından, insanların bu cür arzularını və istəklərini normal qəbul etmək lazımdır: "Vaxtilə var-dövlət, qızıl və ya vəzifə uğrunda mübarizə aparan insanlar, yaxud onların ailə üzvləri indi tamam fərqli meyillərə yönəlirlər. Məsələn, bədənin müxtəlif hissələrinin böyüdülməsi, kiçildilməsi, bədən şəkilləndirilməsi, müxtəlif döymələrin (tatuların) edilməsi, fərqli saç düzümləri və ya qulağa sırğa taxılması kimi məsələlərə maraq artmaqdadır.

Dəb aləmi, əlbəttə ki, milyardlarla, bəlkə də trilyardlarla ölçülən iqtisadi imkanlara malik sahədir. Bu sahədə çalışanlar insanların psixologiyasındakı “hər şey mənim olsun”, “yeniliklərlə başqalarını təəccübləndirim” kimi zəifliklərdən çox ustalıqla istifadə edirlər. Əvvəllər moda daha çox qadınlara yönəlmişdisə, indi bu sahə həm qadınlar, həm də kişilər üçün ümumi və sintez olunmuş bir formaya keçib. Paltarlar, aksesuarlar və digər dəb elementləri hər iki cins üçün nəzərdə tutulur və bu sahə sürətlə inkişaf edir. Lakin ümumilikdə moda, xüsusilə də bədən şəkilləndirilməsi ilk növbədə qadınlara ünvanlanmış sahədir və bu sahəyə daha çox qadınlar maraq göstərir. Onlar daha çox pul xərcləyir, ərlərini və ya övladlarını da dəb aləminin yeniliklərindən yararlanmağa təşviq edirlər.

Bu baxımdan, bədən şəkilləndirilməsi ilə bağlı dünyada son illər müşahidə olunan tendensiyalar Azərbaycanda da özünü göstərməyə başlayıb. Amma bizdə bu proses, adətən, ifrat dərəcədə özünü büruzə verir. Məsələn, Yaponiya, Cənubi Koreya və Çin kimi ölkələrdə insanlar bədənlərini dəyişdirməyə normal baxır və daha cavan, daha gözəl görünmək üçün bu yola müraciət edirlər.

Kişilər üçün də bu tendensiyalar artıq standartlaşmağa başlayıb. Bədənin müxtəlif hissələrindəki tüklərin təmizlənməsi, bəzi orqanların ölçüsünün dəyişdirilməsi artıq adi hal alıb. Əvvəllər bu sahə ilə yalnız estetik tibb mütəxəssisləri məşğul idisə, indi isə bəzi hallarda səhiyyə biznesinə çevrilib və sui-istifadə hallarına da rast gəlinir.

İndi bir çox gənc valideynlərinin icazəsi ilə burunlarının formasını dəyişdirmək, üzlərinə müxtəlif kosmetik vasitələr tətbiq etdirmək istəyir. Təəssüf ki, bəzi həkimlər də bu istəklərdən sui-istifadə edərək maddi qazanc əldə etməyə çalışırlar. Amma ümumilikdə, kiminsə estetik əməliyyat etdirmək və ya bədənində dəyişiklik etmək istəyi varsa, buna hörmətlə yanaşmaq lazımdır. Onu qınamaq əvəzinə, maarifləndirmək və izah vermək, dövlət səviyyəsində isə bu sahəyə nizamlayıcı qaydalar və qanunlar tətbiq etmək vacibdir".

Onun sözlərinə görə, əvvəllər tibbi protokollar 18 yaşına qədər uşaqlara hətta sadə estetik müdaxilələrə icazə vermirdi: "Məsələn, gözündəki çəpliyi və ya burundakı artıq ətin götürülməsi mümkün deyildi. Amma Avropada bu yanaşma artıq dəyişib. Avropa ölkələri bildirir ki, əgər tibbi zərurət yoxdursa, bədəninizi dəyişməyin. İnsanlar doğulduğu kimi qəbul edilməlidir. Uşaqlıqdan sağlam qidalanma, təmiz hava ilə təmin olunma kimi önləyici tədbirlər daha önəmlidir. Bu səbəbdən də Avropada insanlar daha sadə, rahat, kətan və ya pambıq paltarlar geyinərək idman stilinə üstünlük verirlər. Bizdə isə artıq kişilər də lazer epilyasiyası etdirir, üzlərini və bədənlərini estetik baxımdan dəyişdirirlər. Bu baxımdan Avropa ilə Azərbaycan arasında düşüncə fərqi kifayət qədər aydın görünür".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə