"Kim Allaha daha yaxındırsa, üstün olan odur" - AYDINLIQ GƏTİRİLDİ

"İnsanın dünyaya gəlməsi, cinsiyyətini təyin etməsi öz əlində deyil". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov deyib.

O bildirib ki, insan elə şeylərlə öyünməli, üstün olduğunu söyləməlidir ki, onun çalışaraq əldə etdiyi bir şey olsun: "Amma bioloji olaraq insanın qadın, yaxud kişi kimi dünyaya gəlməsi öz əlində deyil, ikisi də insandır.

Allah-taala qadını da, kişini də fərqli fiziki quruluş və qabiliyyətdə yaradıb. Elə şeylər var ki, kişini o nöqteyi-nəzərdən üstün qılıb, elə nöqtələr də var ki, qadını üstün qılıb. Məsələn, şəfqət, mərhəmət, övlada baxmaq, hiss etmək, sezmək olsun, qadınlar bu nöqtələrdə üstündür. Kişiləri isə fiziki quruluş, güc, qorumaq, məsələyə daha obyektiv yanaşmaq olsun, bu mövzularda üstün qılıb.

Dində evlilikdə ailə başçılığını kişiyə verir. Bu da sadəcə üstünlük mənasında deyil, tamamilə onu qorumaq, himayə etmək üçündür ki, İslam hüququnda qanunla tənzimlənir. Əslində bu da kişiyə məsuliyyət yükləmək mənasındadır. Evi, yaşayacağı yeri təmin etməsi, qazanıb gətirməsi, ailəyə baxması qadının deyil, kişinin üzərindədir. Vaxtında sevgi-məhəbbətini göstərməsi kimi xüsuslar da vardır. Bunun müqabilində qadının kişiyə itaət etməsi kimi xüsuslar da qadına aiddir. Döymək, söymək qətiyyən qadağandır, haramdır. Yoxsa, qadınla kişi təhsil almaq və digər məsələlərdə bərabərdir. Sadəcə fitrət olaraq fərqlilik yaranıb. Qadının kişinin, kişinin də qadının yerini alması rolları kirləndirir.

Kimsə kimsədən üstün deyil. Allah qatında insanların üstünlüyü təqvadadır. Təqva Allaha yaxınlıq mənasındadır. Kim daha Allaha yaxındırsa, üstün olan odur. İbadətdə kişinin qadından üstünlüyü yoxdur. Sadəcə qadınlar xüsusi hallarında namaz qıla, oruc tuta bilmirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə