"Sevgiyə iki gün yox, ilin bütün günlərini həsr edə bilərik" - ŞƏRH EDİLDİ

“Dünyada müxtəlif günlərlə bağlı insanları birləşdirən əlamətdar hadisələr olur. Bu hadisələr qloballaşan planetimizdə yalnız yarandığı dövlət, ölkə ilə yanaşı digər məmləkətlərdə, dünyanın müxtəlif ölkələrində qeyd edilməyə başlayıb. Nə qədər çox əlamətdar günlər və bayramlar olsa, xüsusilə sevgi, məhəbbət, ana ilə bağlı günlər olsa bir o qədər yaxşıdır. Biz o xoşbəxt xalqlardanıq ki, şərqdən, qərbdən, Avropa-Asiyadan, xristian və İslam dünyasından, hətta zərdüştlük, yəhudizmdən gələn müxtəlif bayramları, günləri eyni səviyyədə olmasa da ürəyimizcə qeyd etməyi bacarırıq. Bizim ölkədə iki dəfə yeni il bayramı qeyd olunur ki, bunlar ilin başa çatması və Novruz bayramının qeyd olunmasıdır. Azərbaycan olduqca optimist bir xalqdır. Onun hər hansı istər dünyadan gələn, istərsə də dini bayramlar olan, bu günləri qeyd etməyimiz bizim həm öz xalqımıza, həm də dünya xalqlarına, onların düşündüyü həyat tərzinə verdiyimiz əhəmiyyətdən xəbərdar verir”. Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, 14 fevral "Sevgililər günü" bütün dünyada qeyd edilir: “Həmin günün tarixçəsinə varsaq, çoxları dini bayram desə də, amma bizlər onun ədəbi nümunəsini gördük. Məhşur mütəffəkkir ingilis şairi Şekspirin “Romeo və Juliet” əsərində həmin tarixçənin əks olunduğunu müşahidə edirik. Başqa bayramlar və əlamətdar günlər kimi 14 fevral “Sevgililər günü” ilkin tarixi köklərini itirib. Yeni fəlsəfi və həyati çalarları özündə birləşdirib. Müxtəlif ölkələrdə yaşayan insanlar dini, dil və rəng fərqinə varmadan bu günü əsl sevgi, məhəbbət, eşq, bir-birinə hörmət, sayğı günü kimi qeyd edirlər. İndiki zamanda bizdə də dünyanın müxtəlif ölkələrində olduğu kimi daha çox sevgiyə, insanların bir-birinə sayğısına, hörmətinə və məhəbbətinə ehtiyacı var. Hər kəsə məlumdur ki, sevgi cəhətdən zəmanəmiz kasaddır”.

Kulturoloq həmçinin qeyd edib ki, Azərbaycanda məlum hadisəyə görə 30 iyunda sevgi günü kimi qeyd olunur: “Çoxluğun heç bir qorxusu yoxdur, çünki ilin 365 günü bayramlarla zəngindir. Sevgiyə iki gün yox, ilin bütün günlərini həsr edə bilərik. İndiki zamanda qadın, kişi, ata, ana sevgisinin zəiflədiyi vaxtdır. Hər gənc özünü kiçik tanrı hesab etdiyi bir dövrdə belə günlərin qeyd edilməsinin xüsusi önəmi vardır. Sevgililər günüdə digər beynəlxalq əlamətdar günlər kimi daha çox kommersiyalaşdırılıb. İşbazlar bu hadisədən pul qazanmaq istəyirlər və bu çox normal haldır. İstər xidmət sahəsi, istərsə restoran-əyləncə sahəsi, istərsə də hədiyyələrlə bağlı özlərinə işquran insanların gözlədiyi maraqlı günlərdən biridir. Məhz bu gün, xüsusəndə sevgililər bir-birilərinə hədiyyələr verir və bunlar sevgilərinin nişanəsi kimi yaddaşlarda qalır. Keçmişdə sevgi adlandırılan əlamətdar hadisə Azərbaycanda qeyd edilməsə, amma müəyyən günlər vardır ki, o zaman insanlar bütün narazılığı kənara qoyurlar. Bu əlamətdar günlərə çərşənbələr, “ Novruz” bayramı günü, orucluq günü aid edilir. Əslində o vaxtdan insanların bir-birilərinə sayğısı, hörməti sevgi günü kimi qeyd olunurdu. Çünki bu günlərdə küsənlər barışır, qızlar qulaq falına gedir və hansı oğlanın onu sevdiyini, elçi gələcəyini öyrənməyə çalışırdılar. Yəni sevgililər günü bizə yad olan hadisə deyil, hər zaman olub. Amma indi dünyada məhz bu hadisə ilə bağlı həmin günün tarixçəsi onda götürülür deyə, hamımız onu qeyd etsək daha yaxşıdır”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə