Bələdiyyə seçkilərinə şəhər sakinlərinin BAXIŞI - SORĞU

Bu gün ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Vətəndaşlar seçki məntəqələrinə gələrək yerli idarəetmə orqanlarında təmsil olunacaq şəxsləri seçirlər. Bələdiyyə seçkiləri cəmiyyətin demokratik inkişafı və vətəndaşların yerli idarəetmədə iştirakı baxımından xüsusi əhəmiyyət daşıyır. Seçkilər səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində tam şəffaf və qanunvericiliyə uyğun şəkildə keçirilir. İştirak yüksək olarsa, bu, həm də xalqın öz gələcəyinə biganə qalmadığını bir daha göstərir. Bəs vətəndaşların fikirləri nədən ibarətdir? Onlar bələdiyyə seçkilərindən səslərindən istifadə edirlərmi? SİA olaraq bu barədə seçicilərin fikirlərini öyrəndik.

Şəhər sakini Azər Rzayev: “Mən rayondan gəldiyim üçün səs vermədə iştirak etməmişəm. Bakıya işlə bağlı gəlmişəm. Lakin tanıdıqlarım var ki, onlar səs veriblər. Mən bələdiyyə seçkilərində heç vaxt iştirak etməmişəm. Ancaq tanışlarımdan və ətrafımdan gördüyümə görə, seçkilər normal qaydada aparılır. Çox yaxşı nəzarət olunur. Sonda isə normal nəticələr gözləyirik".

Şəhər sakini Səfayət Məmmədova: “Mən Lənkərandan gəlmişəm deyə, hələ səs verməmişəm. Lənkərandan dünən Bakıya gəldim, ona görə bu gün orda səs vermədə iştirak etmədim. Bələdiyyə seçkilərindən ölkə, xüsusən də region üzrə gözləntilərim çox yaxşıdır. Bununla yanaşı müşahidə etdiklərimə görə regionda da seçkilər şəffaf qaydalarla aparılır. Bələdiyyə seçkiləri zamanı çox insan gəlib səs vermədə iştirak edir".

Seçici Qabil Hacıyev: “Bu gün keçirilən bələdiyyə seçkilərində səsimi vermişəm. Seçkilər tamamilə könüllülük formatında həyata keçirilir. Heç kimə səs vermək üçün məcburi basqı tətbiq edilmir. Səs vermək üçün isə gələn insanların sayı çoxdur. Nəticələri bizləri qane edəcək şəkildə gözləyirik. Ümid edirəm ki, dövlətimizin, işlərimizin daha da irəliləməsinə kömək edəcək şəxslər olsun".

Şəhər sakini Şəbnəm Qədirova: “Mən hələ seçkilərdə iştirak etməmişəm, çünki 17 yaşım var. Ailə üzvlərim və tanışlarımın seçkidə necə iştirak etdiyi barəsində bir məlumatım yoxdur. Valideynlərim səslərini məktəbdə olan seçki məntəqələrində verirdirlər, lakin mənimlə heçnə danışmırdırlar. Səsvermə hüququm olduğu zaman könüllü şəkildə bundan istifadə edəcəm. Bələdiyyə seçkiləri barəsində məlumatım olmadığı üçün nəticələrinin necə olacağını bilmirəm".

Seçici Şahsənəm Babayeva: “Bələdiyyə seçkilərində daha çox gənc kadrlara səs verdik. Çünki fikrimcə, gənc kadrlar digərlərinə nisbətən bilikli və bacarıqlıdırlar. Səsvermə zamanı dövlətimizin gələcəyini düşündüm. Gənc kadrların seçilməsi ali təhsilli bir insanın xalqın qeydinə qalması deməkdir. Bələdiyyə seçkilərindən gözləntilərimiz dövlətimizin daha yaxşı inkişaf etməsidir. Eyni zamanda bələdiyyə sədri bizim problemlərimizi yüksək yerlərə daşısın və həll olunmaq yollarında addımlar atsınlar".

Şəhər sakini Şəlalə Qasımova: "Bələdiyyə seçkilərində təbii ki səsimizi verəcik. Bizlər istəyirik ki, həmin vəzifədə xalqımızın ən gözəl oğulları olsun. Xalqa, şəhidlərə, qazilərə, kasıblara diqqət yetirib, qayğısını əksik etməyən insanlara səs verəcəyik. Onu da qeyd etmək istərdim ki, artıq yaşlı nəsli vəzifələrə çox təyin etməsinlər. Onlar yerlərini yeni nəsilə versinlər".

Şəhər sakini Aytəkin Davudova: "Xeyr, mən bələdiyyə seçkilərində səs verməmişəm, çünki burada yaşamıram. Mənim qeydiyyat yerim Astara rayonudur. Seçkilər hər yerdə olduğu kimi Astara rayonunda da keçirilir. Həmin ərazidə çox səsvermədə iştirak etmişəm və gözəl, şəffaf şəkildə keçirilir. Nəzarət tam qayda da aparılır".

Şəhər sakini Könül Kərimzadə: "Bələdiyyə seçkilərində hələki səsvermədə iştirak etməmişəm. Bu günlə əlaqədar sadəcə reklamlarını görmüşəm, başqa heç bir informasiya ya rast gəlməmişəm. Ona görə də təəssüratlarım yoxdur. Mən bələdiyyə seçkilərində heç olmamışam deyə, ordakı vəziyyətdən xəbərdar deyiləm. Lakin prezident seçkilərində iştirak etmişəm".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə