"Media savadlılığı həftəsinin keçirilməsi çox müsbət hadisədir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib.
O bildirib ki, bunun dalğası nə qədər geniş və çoxtəkanlı olarsa, bir o qədər yaxşıdır: "Ona görə ki, indi əsas məsələ cəmiyyətdə media savadlılığını artırmaqdır. Çünki böyük informasiya axını içərisindəyik, fərqli məkanlardan, mənbələrdən çoxlu informasiya seli oxucunun üzərinə axır. Biz necə müəyyənləşdirək ki, bu informasiyaların xarakteri necədir?, nə qədərdir?, hansı doğrudur?, hansı yalandır?, hansı saxtadır?, hansı gərəkli, faydalıdır? Bütün bu informasiyaların xarakterini bilmək, verilən məlumatı təhlil etmək qabiliyyətinin olması, onu dəyərləndirmək səriştəsi media savadlılığıdır.
Ona görə bu tədbirin keçirilməsini çox müsbət hadisə kimi qiymətləndirirəm. Amma bunun üçün praktik biliklər, tətbiqi addımlar atılmalıdır ki, onların faydası dəysin. Bu, birinci növbədə cəmiyyət, insanlar, geniş auditoriya üçündür ki, onlar informasiyanı dəyərləndirmək bacarığına yiyələnsinlər. Çünki bu gün artıq 10 yaşlı uşağın da, orta məktəb şagirdinin də, hər kəsin "Facebook"da, sosial şəbəkələrdə profilləri var. Yazıb, məlumat verirlər, informasiya mənbəyinə çevrilirlər. Amma informasiyanı necə yazmaq, onu necə dəyərləndirmək tamamilə ciddi məsələdir. Ona görə də, bu sahədə müəyyən təcrübə, səriştə əldə etmək üçün media savadlılığı cəmiyyət üçün çox vacibdir. Həftənin də əsas məqsədi ondan ibarətdir ki, biz bu vərdişləri cəmiyyətimizin üzvlərinə aşılayaq. Bunun faydası ondan ibarətdir ki, cəmiyyətdə informasiyanın mahiyyətini bilən, onu dəyərləndirməyi bacaran, ağı qaradan fərqləndirən insanlar, xüsusən gənclər bunu bilsinlər. İnformasiya ilə davranmağı bilsinlər. Bu, çox ciddi addımdır. Ona görə bunların yalnız təqdir edilməyə ehtiyacı var".
Bütün xəbərlər Facebook səhifəmizdə