"Media İnkişaf Agentliyinin başlatdığı və bu həftə boyunca davam edən tədbirləri yüksək qiymətləndirirəm". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O bildirib ki, həm Media İnkişaf Agentliyinin keçirdiyi tədbir və bu sahədə maarifləndirmə funksiyası, eyni zamanda müxtəlif media ekspertlərinin, xüsusən də Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin bu barədə cəmiyyəti məlumatlandırması çox müsbət hadisədir: "Bizim "Media haqqında" Qanunda media savadlılığı ayrıca bənd kimi göstərilib və izah olunub. Bu il sosial medianın inkişafı, müxtəlif dezinformasiyaların yayılması tələb edir ki, yeni situasiyada ictimaiyyət hər deyilən, yazılanın doğru olmadığına əmin olsun.
Bizim peşəkar media subeyktivlərimiz etik qaydaları pozmur, dezinformasiyalar yaymırlar. Amma təəssüf ki, hal-hazırda özünü media adlandıran bir çox fərqli qurumlar yaranıb, geniş təzahür edir və insanlar bunların yaydığı informasiyalara inanırlar. Cəmiyyətimiz bilməlidir ki, sosial mediada xəbər yayarkən məsuliyyət hissi, qarşı tərəfin fikirlərinin öyrənilməsi olmur. Bəzən bilməyərəkdən yayılan dezinformasiyalar olur, bəzən isə qəsdən, şüurlu şəkildə yayılan dezinformasiyalar olur. Bunun üçün cəmiyyəti məlumatlandırmaq olduqca vacibdir.
Son illərdə Medianın İnkişaf Agentliyi müxtəlif bölgələrdə media savadlılığı ilə bağlı tədbirlər keçirib. Bu tədbirlərdə mətbuat şurasının üzvləri, əməkdaşları iştirak ediblər. Bu həftə keçirilən media savadlılığı tədbirləri nəticəsində cəmiyyət dezinformasiyaları ayırd etməyi bacaracaq və insanlar bu mövzuda xeyli maariflənəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə