"Vəsiqələri olmadığı üçün geri qayıda bilmirlər” - MÖVQE BİLDİRİLDİ
"İnsan alveri aktual mövzudur, hər zaman da aktual olub". Bu sözləri SİA-ya açıqlamasında milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza deyib.
O bildirib ki, burada əsasən işə düzəltmə adı ilə, yaxud da, başqa "xidmətlər" adı ilə ölkədən aparılıb, sonradan isə pasportu alınaraq insanlar üçün borclandırılaraq təhlükəli hal yaranır: "Artıq uzun illərdir ki, belədir. Burada qurbanlar çox zaman müəyyən işlərə cəlb olunduqlarını əvvəldən bilirlər, razılaşırlar. Amma təbii ki, onları arxada nə gözlədiyi bilinmir. Şəxslər də gedib işlədikdən sonra, fahişəlik, oğurluqla, müəyyən qeyri-qanuni xidmətlərdə çalışdıqlarına görə, getdikləri zaman da bunu bildiklərinə görə çox da səslərini çıxara bilmirlər. Yoxsa, normalda istənilən ölkədə konsulluq, səfirliklərimiz var, oraya müraciət edə bilərlər. Özlərinin müəyyən qədər razılığı olduğuna görə səslərini çıxara bilmirlər.
Amma nə olursa-olsun dövlət hər zaman vətəndaşın arxasındadır. Ona görə də, vətəndaş hər zaman dövlətə arxalana, güvənə bilər, müraciət də edə bilər. Belə hallar olduqda dərhal dövlət strukturlarına hansı ölkədə olmalarından fərqli olmayaraq müraciət olunmalıdır.
Pasport məsələsi də elə bir şeydir ki, onu heç kimə vermək, hətta oteldə belə qoymaq olmaz. Pasportun surətini saxlamaq olar, amma pasport hər zaman vətəndaşın üzərində olmalıdır. Heç kimə də vermək olmaz. Bu, birmənalı olaraq belədir. Ona görə də insanlar ehtiyyatlı olmalıdır. Onlar qaldıqları otellərə diqqət etməli və turistlər üçün nəzərdə tutulmuş yerlərdən kənara getməməlidirlər. Yəni tanımadıqları şəxslərlə tanış olub, onlarla hər hansı yerə getmək təhlükəlidir. Bu kimi məsələlərə hər zaman diqqət edilməlidir. Çünki hər bir məsələ təhlükə törədə və insan alverinə gətirib çıxara bilər. Həmçinin tövsiyyə edərdim ki, şəxsiyyət vəsiqələrini heç kəsə verməsinlər və öz üzərlərində gəzdirsinlər. Çünki naməlum şəxslə əlaqəyə girdikdən sonra məlum olur ki, şəxsiyyət vəsiqələrini götürüblər. Hətta bəziləri mafyanın qurbanına çevrilir və vəsiqələri olmadığı üçün geri qayıda bilmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə