Cəriməni ödəməyən şəxsin sürücülük hüququ məhdudlaşsa, nə etməlidir? - MÜNASİBƏT BİLDİRİLDİ

"İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Tural Həsənli deyib.

O bildirib ki, inzibati cərimə əsas inzibati tənbeh növlərindən biri kimi tətbiq edilir: "Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. İXM-də nəzərdə tutulmuş hallarda, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on mislindən artıq ola bilməz.

İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı ayadək müddətə uzadıla bilər. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir. İXM-də nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:

fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana;

hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir.

Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir".

"Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Hüquqi və ya fiziki şəxs olan işəgötürənin mülkiyyətindəki və ya istifadəsindəki nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı törətmiş şəxs 2 ay müddətində inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən, inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə