"Ər arvadın, arvad da ərin soyadını qəbul edə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
"Ad, soyad, ata adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Soyad sonluğunu dəyişmək üçün Asan Xidmət Mərkəzlərinə, qeydiyyat şöbələrinə müraciət etməklə soyadın sonluğunu dəyişmək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında vəkil Tural Həsənli deyib.
O bildirib ki, evlənərkən soyadın dəyişdirilməsi məcburi deyil: "Ər arvadın, arvad da ərin soyadını qəbul edə bilər. Bu, hüquqidir, məcburi deyil.
Hətta boşandıqdan sonra əvvəlki soyadlarını qayıda bilərlər. Ailə Məcəlləsində bu, nəzərdə tutulub.
Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir.
Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə bildiriş göndərir.
Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir".
"Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə