Bədən dili ilə fikirlərimizi necə ötürürük? - AYDINLIQ GƏTİRİLDİ

"Bədən dili ilə fikirlərinizi ötürmək üçün ilk növbədə söhbətə hazırlaşmaq lazımdır. Qeyri-verbal dil elə bir şeydir ki, insanın təhtəlşüur olaraq düşündüklərini üzə çıxarır. Məsələn, bir insana "Siz" deyə müraciət etsək belə ona barmaq uzadaraq danışırıqsa, bu, təhqir hesab olunur. Dildə müraciət forması mədəni şəkildə olsa da, əl işarəsi artıq öz hiddətini bildirir. Bizim dilimiz bədənimizdən sonra yaranıb. Bədənimiz fikrimizi qarşımızdakına daha tez çatdırır". Bu sözləri SİA-ya rejissor Pərviz Məmmədrzayev deyib.

Onun sözlərinə görə, qarşımızdakı insanı hansı səviyyədə gördüyümüz belə bədən dilimizi idarə etməyimizdə mühüm rol oynayır: "Görüşdüyümüz insanla salamlaşmaq üçün əl tutuşduqda belə bu bəlli ola bilir. Cürbəcür əl görüşləri mövcuddur. Məsələn, sadəcə barmaq uclarını uzadıb geri çəkməyə "ölü balıq" deyilir. Çünki bu zaman əldə heç bir hissiyyat olmur. Hətta əl tutuşarkən altda, üstdə, yanüstə tutmağın belə müxtəlif mənaları var. Əli üstdə tutaraq uzatmaq yəni, "Ovcunu aç, mən səndən üstünəm, sən aşağısan" deməkdir".

"Belə bir deyim var: "Ağıllı insanın ağlı nitqindən öncə gəlir". Əvvəl düşünüb, sonra danışmalıyıq. Çünki danışmasaq belə bədən dilimiz bizi üzə verə bilir.

Onu da qeyd edim ki, bədən dilinin ən çox rol oynadığı sahələr diplomatiya və incəsənətdir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə