Şəhər sakinlərinin lokal tədbirlərə BAXIŞI - SORĞU

Ötən günlərdə başlayan erməni təxribatlarına qarşı Azərbaycan dövləti lokal xarakterli antiterror əməliyyatları həyata keçirdi. Artıq bu gün antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Nəhayət, tədbirlər Azərbaycanın qələbəsi ilə nəticələndi. SİA bu məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Qulu Əliyev: "Yenə Ermənistan öz qudurğan hərəkətlərindən əl çəkmir. Biz üç il öncə qələbə qazansaq da, onlar bunu həzm edə bilmirlər. Elə bilirlər ki, istədikləri hər şeyi edəcəklər və Azərbaycan da səssiz qalacaq. Xeyr. Dövlətimiz, Ali Baş Komandanımız, ordumuz onların layiqincə cavabını verir. Ermənistan qorxmur ki, biz onları yenə də darmadağın edərik? Bir dəfə başları daşa dəydi, amma ağıllanmadılar. Bundan sonra bəlkə ağılları başlarına gələr".

Şəhər sakini Qələmnaz Şükürova: "Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Xalqımızın yenə də itkiləri oldu. Amma ümid edirik ki, bu, son olacaq. Azərbaycan elə bir dövlətdir ki, başı heç vaxt yerə əyilməz. Biz qalib dövlətik. Ermənilər nə etsələr də, bunu dəyişdirə bilməzlər. Biz yalnız sülh istəyirik. Öz torpaqlarımızda əmin-amanlıq şəraitində, qorxmadan, şəhid vermədən, gözyaşı tökmədən yaşamaq istəyirik".

Şəhər sakini Yavər Gözəlov: "Çox heyif ki, bizim Ermənistan kimi düşmənimiz var. Çünki ermənilər heç düşmənçilik etməyi belə bacarmır. Biz onların heç bir mülki vətəndaşına zərər vermədiyimiz halda, onlar bizim sivil xalqımızı hədəf alırlar. Ermənistan heç vaxt ədalətli mübarizə aparmayıb, bundan sonra da aparacağına inanmıram. Onlar 30 il bundan qabaq necə idilərsə, indi də elədilər. Amma Azərbaycan ovaxtkı kimi deyil. Bunu üç il bundan öncə hamıya sübut etdik. Yenə də gücümüzü göstəririk".

Şəhər sakini Sevda Hüseynzadə: "Azərbaycan dövləti ən doğru addımları atır. Çünki biz haqq yolundayıq. Ermənistanın arxasında havadarları ola bilər, amma Azərbaycanın kiməsə ehtiyacı yoxdur. Azərbaycan xalqı, ordusu və dövlət başçısı bir yumruq kimi birləşərək hər şeyin öhdəsindən gələ bilər".

Şəhər sakini Elgün Vəliyev: "Şəhidlərimizin ruhu şad olsun. Allah tezliklə bizə Xocalıya, Xankəndinə də getməyi nəsib etsin. Çünki biz buna layiq millətik, dövlətik. İllərlə acı çəkmişik, amm artıq gücümüzü hər kəs görür. Bundan sonra inanmıram ki, hansısa ölkə Azərbaycana qarşı təxribatçı addım atsın. Bütün bu olanlar hər birinə dərs olmalıdır".

Şəhər sakini Gülşən Şirinova: "İlk növbədə onu deyim ki, öz dövlətimlə, millətimlə fəxr edirəm. Bizim elə oğullarımız var ki, doğma torpaqlarımız uğrunda hər an canından keçməyə hazırdırlar. Ermənistan heç vaxt bu qürur hissini dada bilməyəcək. Onlar bizim qələbəmizi qəbul etməyə məhkumdurlar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə