Tələbələrin mənzil problemini necə HƏLL ETMƏK OLAR? - RƏYLƏR

Bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox hallarda dəyərindən baha evlərdə kirayə qalmağa məcbur olurlar. Əksər universitetlərin isə tələbə yataqxanası mövcud deyil. Bəs, bu halda tələbələr nə etməlidir? SİA mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Təhsil eksperti Adil Vəliyev: "Çox təəssüf ki, yeni tədris ili ilə əlaqədar tələbələrin kirayə ev tapmaq problemi əsas gündəm məsələlərindən biri olacaq. Doğrudur, bəzi universitetlərin yataqxanaları var, amma onların həcmi bütün tələbələri əhatə edəcək qədər böyük deyil. Bir sıra universitetlərin isə ümumiyyətlə tələbə yataqxanası yoxdur. Bunun həll yolu isə o ola bilər ki, Elm və Təhsil Nazirliyi yaxud universitet rəhbərliyi səviyyəsində bu məsələ gündəm olsun. Biznesmenlərə, iş adamlarına təklif olunsun ki, onlar müxtəlif mərtəbəli yataqxanalar inşa etsinlər. Sözsüz ki, müəyyən ödəniş qarşılığında belə bir xidmət göstərmələrini nəzərdə tuturuq. Düşünürəm ki, əgər dövlət tərəfindən də onlara müəyyən güzəştlər olsa, iş adamları bu məsələdə daha maraqlı olarlar və tələbələrimiz də əziyyət çəkməz".

Sosioloq Əhməd Qəşəmoğlu: “Bu, mühüm bir problemdir. Neçə illərdir ki, davam edir. Yaxşı olar ki, Universitetlər tikinti şirkətləri ilə müqavilə bağlasınlar. Onlar da tikdikləri yaxındakı yaşayış evlərini universitetə uzunmüddətli kreditlə satsınlar. Universitet də bu evlərdəki mənzilləri münasib qiymətlə, yalnız öz tələbələrinə kirayə versin. Universitet kirayə pulu ilə krediti ödəsin. Belədə həm tələbələr qazanar, həm də tikinti şirkəti. Bir müddətdən sonra universitetin öz daşınmaz əmlakı olar. Tikinti şirkətləri bu binanı universitetin sifarişi ilə onların dediyi qaydada tikə bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə