"Azərbaycan gəncliyi Ulu Öndərin ideyalarını ləyaqətlə həyata keçirir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan gənclərinin gələcəyi xoşbəxt və uğurludur. Çünki onların şərəfli keçmişi, möhkəm kökləri, vətənpərvər nəsilləri, vüqarlı ata-babaları var. Bu kəlmələri Ulu Öndər Heydər Əliyev sağlığında dəfələrlə xatırladırdı. Ümummilli lider Azərbaycan gənclərinə çox böyük qiymət verirdi. Dövlət başçısı kimi hər zaman gəncləri himayə edir, onların təhsili, işi, ümumilikdə həyatının qeydinə qalırdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, o dövrdə çoxsaylı gənclərin təhsil alması üçün ittifaqın müxtəlif ali məktəblərinə göndərilməsi, Azərbaycan gəncliyinin inkişafı, intellekt səviyyəsinin yüksəldilməsi, yüksək ruhda tərbiyə edilməsi sahəsində Ulu Öndərin göstərdiyi xidmətlər əvəzsizdir: "Ümummilli lider deyirdi ki, gənclərimiz Azərbaycanın genefondudur. Biz onları hərtərəfli qorumalıyıq. Bu sözlərdə çox böyük hikmət var. Çünki istər Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə, istərsə də bu gün Azərbaycan gənclərinin göstərdiyi nailiyyətlər, qazandıqları uğurlar, təhsildə, ictimai həyatda, eləcə də digər sahələrdə fəaliyyəti onu deməyə əsas verir ki, onlar Ulu Öndərin vəsiyyətlərini müvəffəqiyyətlə həyata keçirirlər. Ümummilli lider xatırladırdı ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Çünki Azərbaycan xalqı, o cümlədən, gəncliyi dövlətimizin müstəqilliyi uğrunda əsrlərlə mübarizə aparmış, nəhayət, bu istəklərinə nail olmuşdur. Bu müstəqilliyi qorumaq, inkişaf etdirmək Ulu Öndərin ən böyük amalı idi. O, gənclərimizə tövsiyə edirdi ki, əldə olunmuş bu müstəqilliyi qorumaq və onu Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etmək lazımdır".

Deputat sözlərinə davam edərək bildirib ki, Ulu Öndər tədbirlərdə dəfələrlə Azərbaycan gəncliyinə dilini, dinini, tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini sevməyi və yaşatmağı tövsiyə edirdi: "Əlbəttə ki, bu çox böyük bir amal idi. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, dilini sevməyən, dininə qiymət verməyən, tarixini bilməyən bir kəs heç vaxt layiqli vətəndaş ola bilməz. Çünki bu amillər bizim kökümüzdür. Onları yaşamadan, gələcək nəsillərə təbliğ etmədən heç vaxt Azərbaycan dövləti inkişaf edə bilməz. Ulu Öndər gənclərimizə humanist, vətənpərvər, cəsarətli olmağı təlqin edirdi. Bu vətənpərvərliyin kökündə vətənə, xalqa sədaqət durur. Biz bu sədaqətin 44 günlük müharibədə şahidi olduq. Həmin günlərdə heç bir Azərbaycan gənci torpaq uğrunda döyüşlərdən kənarda qalmadı. Gənclərimiz düşmənlə mübarizəyə hazır olduqlarını nümayiş etdirdi. Döyüşlərdə qalib gəlməyi özlərinə həyat amalı hesab etdilər".

"Çoxsaylı faktlar göstərdi ki, Azərbaycan gəncliyi ən böyük qiymətə, hörmət və ehtirama layiqdir. Çünki 30 il düşmən tapdağı altında qalan torpaqlarımız az bir müddətdə cəsarətli gənclərimiz hesabına azad olundu. Ali Baş Komandan İlham Əliyev qürurla səsləndirdi ki, Azərbaycan Ordusunda vuruşan döyüşçülərimiz böyük ehtirama layiqdir. Onlar son 30 ildə yetişmiş gənclərdir. Onların bir çoxu Qarabağ torpaqlarında doğulmasa da, Vətən uğrunda döyüşməyi bacardılar və qalib əsgər olduqlarını bütün dünyaya sübut etdilər. Bu gün Azərbaycan gəncliyi Ulu Öndərin ideyalarını ləyaqətlə həyata keçirir. Azərbaycan gəncliyi vətənpərvər və cəsarətli olduğunu bütün dünyaya nümayiş etdirir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə