Balaca fidanların istəkləri nədən ibarətdir? - TƏƏSSÜRATLAR

Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Bəs görək uşaqlar bu günü necə qeyd edir. SİA mövzu ilə bağlı uşaqlar arasında sorğu keçirib.

2 yaşlı Jasmin Əliyeva: “Nənəm məni gəzməyə çıxarıb. Gəzdikdən sonra hədiyyə alacaq. Kitablara baxmağı çox sevirəm. Ona görə nənəm mənə kitab alacaq”.

5 yaşlı Sevinc Əliyeva: “Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. İstəyirəm ki, anam mənə rəngli kitablar alsın. Mənə anam da, atam da hədiyyələr alır. Amma anamı daha çox sevirəm. Çünki o mənə nə istəsəm alır və məni gəzməyə aparır. Uşaqların bayramını şeirlə təbrik etmək istəyirəm:

Gəlmiş güllə-çiçəklə
Uşaqların bayramı.
Onları şad ürəklə
Təbrik eləyir hamı.

4 yaşlı Rauf Ağazadə: “Bu gün bizim bayramımızdır. Özümü və bütün uşaqları təbrik edirəm. Bayramım olduğu üçün bu gün anam işdən gələndə mənə hədiyyə alacaq. Beton qarışdıran maşın almağını istəmişəm. Onu çox istəyirəm”.

5 yaşlı Fidan Qasımlı: “Bu gün mənim bayramımdır. Bilirəm ki, valideynlərim mənə istədiyim şeyi alacaq. Ona görə də onlardan oyuncaq kassa istəmişəm. Pul yığacam. Böyüyüb həkim olanda yığdığım pulları istifadə edəcəm”.

5 yaşlı Nur Əsədli: “Bu gün uşaqların bayramıdır. Biz də dostlarımla bir yerdə bayramımızı qeyd etmək üçün parka gəlmişik. Uşaqlar üçün şeir demək istəyirəm:

Uşaqların şən səsi
Qalxır ulduza, aya.
Sülh, azadlıq nəğməsi
Yayılır bu dünyaya.

3 yaşlı Nihad Qurbanov: “Bu gün mənim kimi uşaqların bayramıdır. Bütün uşaqları təbrik edirəm. Valideynləri onlara istədikləri hədiyyələri alsın. Mənim də atam mənə oyuncaq kamaz alacaq. Böyüyəndə həqiqi kamaz sürəcəm”.

5 yaşlı Nuray Məhərrəmli: “Mən böyüyəndə həkim olmaq istəyirəm. Bu gün də anam mənə həkim kuklası alacaq. Ən çox anam mənə hədiyyə alır. Ona görə ən çox anamı sevirəm”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə