Od çərşənbəsinə CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Novruz bayramının gəlişini xəbər verən çərşənbələrdən biri də od çərşənbəsidir. Xalqımızın dərin köklərə, adət-ənənələrə, inanclara malik olduğunu göstərən od çərşənbəsi yaxınlaşdıqca təbiət daha da oyanır. Od çərşənbəsi qədim Azərbaycan xalqının oda inanması ilə bağlı olub rəmzi məna daşıyır. Öz adət-ənənləri ilə sıx əlaqəli olan Azərbaycan xalqı hər çərşənbə olduğu kimi bu çərşənbəni də böyük maraqla gözləyirlər. SİA mövzu ilə əlaqədar şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Akif Babayev: “4 Novruz çərşənbəsi var və hər biri təbiəti təmsil edir: su, od, yel, torpaq. Bunların hamısını biz uşaq vaxtından bilirik. Novruz bayramına kimi olan çərşənbələr təntənəli və yüksək əhval-ruhiyyə ilə keçirilir. Günə başlayandan biz artıq yaxınlarımızla təbrikləşmişik. Axşam üçün evimizdə plov bişiriləcək. Ailə üzvlərimizlə birgə axşam yeməyi yeyəcəyik. Daha sonra bayramla əlaqəli konsertlərə, verlişlərə baxacağıq. Nəhayət, bu çərşənbəni qeyd etdikdən sonra gələn çərşənbəni gözləyəcəyik”.

Şəhər sakini İrina İbrahimova: “Od çərşənbəsi gözəldir. Bundan əvvəlki çərşənbədə biz uşaqlarla tonqala getmişdik, onlar çox böyük tonqal qalamışdılar.Bu çərşənbəni isə təəssüf ki, işlə əlaqədar olaraq qeyd edə bilməyəcəyik. Axşama bayram süfrəsi hazırlamayacam, elə hər gün açdığımız axşam süfrəsi olacaq”.

Şəhər sakini Etibar Muxtarov: “Od çərşənbəsinin əhəmiyyəti böyükdür. Mən çərşənbə ilə bağlı hər hansı bir iş görməsəm də evdə hazırlıqlar gedir və onlar lazım olduğu kimi qeyd edəcəklər”.

Şəhər sakini Ülviyyə İmanova: “Bu gün od çərşənbəsidir. Xalqımızı od çərşənbəsi münasibətilə təbrik edirəm. Arzu edirəm bütün çətinliklər, xəstəliklər odda yansın. Üzümüzə gələn çərşəmbələr, illər gözəl və bərəkətli olsun. Axşam hamı kimi mən də çərşənbəni qeyd edəcəm. İşdən sonra evə gedib plov bişirəcəm və digər bayram hazırlıqları görəcəm. Bir daha xalqımızı bu çərşənbə münasibətilə təbrik edirəm”.

Şəhər sakini Aymar Babayev: “Bildiyimiz kimi, bayram ərəfəsində, əsasən də çərşənbələrdə təntənəli mərasimlər keçiriləcək. Böyük hazırlıqlar davam edir. Bu gün od çərşənbəsidir. Hamınızı təbrik edirəm. Artıq yaz gəlir, hiss olunur ki, təbiət oyanır. Bizim evdə hazırlıqlara başlanılıb. Axşam çərşənbə ilə əlaqədar evdəkilərlə birgə müxtəlif oyunlar təşkil edəcəyik”.

Şəhər sakini Afura Ağayeva: “Öncəliklə bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Ümid edirəm ki, bu bayram hər kəsə düşərli olar. Evdə valideynim həmişəki kimi şəkərbura, paxlava, müxtəlif növ şirniyyatlar hazırlayır. Artıq indidən evimizdə bayram ab-havası var. Bizim evdə bu bayram şən və firəvan keçiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə