Qərbi Azərbaycanlı tələbələrin Gənclər Günü ilə bağlı DÜŞÜNCƏLƏRİ - SORĞU

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu Öndər Heydər Əliyev bu fikirləri xalqımızın gələcəyi olan gənclərimiz üçün səsləndirmişdir. Hər il 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Ulu Öndərin gənclər siyasətini bu gün də uğurla davam etdirən cənab Prezident İlham Əliyev gənclərin maariflənməsi, inkişafı üçün böyük addımlar atmışdır. Cənab Prezidentin fəaliyyətində gənclər siyasəti əsas prioritetlərdən biridir. İlham Əliyevin gənclərə olan diqqəti hər zaman göz önündədir. SİA 2 fevral Gənclər Günü ilə bağlı Qərbi Azərbaycanlı tələbələr arasında sorğu keçirib.

Tələbə Şadiman Abbasov: “Gənclər günü dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Biz gənclik olaraq bu gün hər bir imkan və şəraitə malikik. Dövlət bizə bu cür şərait yaratdığı halda, biz də gənclər olaraq öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Necə ki II Qarabağ müharibəsində üstünlüyümüzü göstərdik, eləcə də Qərbi Azərbaycan məsələsi ilə bağlı informasiya müstəvisində gücümüzü sübut etməyə hazırıq”.

Tələbə Sevinc Beybutova: “Bizim gənclik bugünkü gündə vətənpərvərlik və müxtəlif sahələrdə nümunəvidir. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu hər kəsə göstərdi. Ümid edirəm ki, gəncliyin gücünü Qərbi Azərbaycana qayıdışla bağlı məsələdə də göstərə bilərik. Növbəti il Gənclər gününü doğma dədə-baba yurdumuzda qeyd etməyi arzu edirəm”.

Tələbə Sahil Mövsümzadə: “Bir Qərbi azərbaycanlı gənc olaraq deyə bilərəm ki, heç vaxt o yerləri görməsəm də, nəinki Gənclər günü hər hansı bir xüsusi günü orada, atamın, anamın uşaqlığının keçdiyi evdə qeyd etməyi çox istəyirəm. Bilirəm ki, biz gənclər də nə vaxtsa oradakı gözəlliklərin şahidi olacağıq. Gənclik dövrüm bitmədən bu arzumun gerçəkləşəcəyinə ümid edirəm. Yaşından asılı olmayaraq özünü gənc hiss edən hər kəsi Gənclər günü münasibətilə təbrik edirəm”.

Tələbə Nişanə Həsənzadə: “Bu gün respublikamızda həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin əzəmətli addım səsləri eşidilməsin. Dövlətin daim gənclərə, gənclərin də yaxşı bir dövlətə ehtiyacı var. Bizim də kifayət qədər uğurlu siyasət yeridən, güclü orduya malik, daim xalqını düşünən dövlətimiz və Prezidentimiz var. İnanırıq ki, Prezidentimizin uğurlu siyasəti və ordumuzun gücü sayəsində Qərbi Azərbaycana qayıdış təmin olunacaq. Biz də gənclər olaraq Qərbi Azərbaycanda da əzəmətli addımlarımızın səsini duyuracayıq”.

Tələbə Aqil İsmayılzadə: “Gənclər böyük qüvvədir. Azərbaycan gəncləri vətənpərvər olmaqla, millətinə, xalqına çox bağlıdır. Mən də dədə-baba yurdum olan Qərbi Azərbaycana bağlı bir gəncəm. Nolsun ki o torpaqlara addım belə atmamışam? Canım, qanım o yerlərə bağlıdır. Azərbaycanın harasından olursa olsun, bütün gənclərin gününü təbrik edirəm”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə