"Qərbi Azərbaycan İcması BMT-nin katibliyinə təşəkkür edir” - QURUM RƏSMİSİ DANIŞDI - VİDEO

“Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT TŞ-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb”. Bu sözləri SİA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, müraciət BMT-nin ingilis, fransız, rus, çin, ərəb və ispan olmaqla bütün rəsmi dillərində adını çəkdiyimiz əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb: “Müraciətin yayılması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz doğma yerlərinə qayıtmasının, təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur icmamızı sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayımlanmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə