Gənclərin narkotikə meyil etməsinin səbəbi nədir? - SORĞU

Bəşəriyyətin əsas problemlərindən biri kimi xarakterizə edilən narkomaniya problemi təəssüf ki, Azərbaycandan da yan keçməyib. Düzdür, sözügedən problem bir sıra ölkələrlə müqayisədə Azərbaycanda o qədər qlobal xarakter almasa da, ümumilikdə, ölkəmiz də insan həyatı üçün təhlükə mənbəyinə çevrilən bu bəla ilə üz-üzədir.

Narahatedici məqam ondan ibarətdir ki, aparılan profilaktik mübarizə tədbirlərinə rəğmən, Azərbaycanda narkotik maddələrə aludəçilərin sayında artım tendensiyası müşahidə edilir.

Narkomaniya, əsasən, gənclik dövründə başlanır və bir çox halda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Yəni narkotikə qurşanmanın ən təhlükəli vaxtı gənclik dövrüdür. Bəs görək gənclərin narkotikə meyil etməsinin səbəbi nədir?

"Son illər bütün dünyada olduğu kimi, respublikamızda da bir çox faktorlardan irəli gələrək gənclərimizin narkotik maddələrə meyil göstərməsi hər birimizi qayğılandırır. Biz hər zaman buna qarşı olmuşuq". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq yazıçı-kulturoloq, sosial ekspert Aydın Xan Əbilov deyib.

O bildirib ki, gənclərin bir qismi işsizlikdən, bir qismi oturaq həyat tərzindən, bir qismi sosial şəbəkələrdən gələn təsirlərdən bu cür mənfi hallar yaşayır və bu da onların mənəviyyatına, həyat tərzinə təsir göstərir: "Təbii ki, belə hallara qarşı hamılıqla mübarizə aparmalıyıq. Gənclərin narkotikə qurşanması yalnız bir fərdin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin problemidir. Əlbəttə ki, narkotikə aparan yollar çoxdur. Ən çox da gənclərimizin mənəvi, ideoloji tərbiyəsində buraxdığımız boşluqlar onları belə asan yolla zövq almağa vadar edir. Narkotikə aludəçilik iqtisadi, sosial, psixoloji böhranın nəticəsində meydana çıxır. Uyuşdurucu maddələrin satışında maraqlı olan şəxslərin varlanma hərisliyi, üstəlik, cəmiyyətin bu tip insanlardan çəkinməsi, yaxın dura bilməməsi ona gətirib çıxarır ki, bir neçə nəfər bu xəstəliyə yoluxduqdan sonra, artıq öz ətraflarını genişləndirirlər. Bununla bağlı beynəlxalq qurumlar, daxili qurumlar mübarizə aparır. Amma azalmaq əvəzinə, getdikcə çoxalma müşahidə olunur. Polis nəzarəti, hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar, eyni zamanda, maarifləndirmə işləri problemi qismən yüngülləşdirə bilər və biz də buna çalışırıq".

Sosioloq Lalə Mehralı da məsələ ilə bağlı öz fikirlərini bildirib: "Nəyi qadağan edirsənsə, ona meyil etmək insanın xislətində var. Narkotik haqqında da kifayət qədər qadağalar səsləndirilir və insana narkotikin verdiyi həzz cəlbedici gəlir. İnsanlar bunu düşünərək narkotikdən istifadəyə əl atırlar. Onlar bu addımı istifadədən sonra başlarına gələ biləcək bəlaları düşünmədən atır. Ona görə də uşaqların nəzarətini ən əvvəldən maksimuma qaldırmaq faydalıdır. Çünki onun çevrəsində bircə nəfər belə narkotik aludəçisi varsa, təbii ki, bu, ona təsir edəcək".

Sosioloq sözlərinə davam edərək qeyd edib ki, narkotik istifadəçiləri bunu ətrafındakı insanlara yaymaq istəyirlər: "Onlar üçün daha çox aludəçi, daha az qınaq və daha rahat hərəkət deməkdir. Həm də bu zaman baxış tərzləri də bərabərləşir. Təbii ki, narkotik istifadə edənlə etməyən insanın düşüncələri, hadisələrə baxış tərzi eyni olmur. Narkotik istifadəçiləri də istəyirlər ki, ətrafındakılar da onun yolunu getsin. Gənclərin hər şeyə meyil etməsini nəzərə alaraq, valideynlər onlara ciddi nəzarət etməlidir. Valideynin ən güvənli silahı övladına olan məhəbbəti, qayğısı və diqqətidir.

Eyni zamanda, gənclər bu halların səbəbini bəzən işsizlik, bəzən eşqdə yaşadığı uğursuzluq, bəzən də ailədə münasibətlərin pis olması ilə izah edir. Hər kəsin özünə görə haqlı bildiyi səbəbləri var. Amma heç bir səbəb insanı bu qədər böyük bir ziyanın altına girməyə gətirib çıxarmamalıdır. Haqlı və ya haqsız heç bir səbəbdən insan öz bədəninə bu qədər ağır zərər verməməlidir".

SİA mövzu ilə əlaqədar olaraq psixoloq Fərqanə Mehmanqızının da fikirlərini alıb. "Ümumiyyətlə, yaşından asılı olmayaraq bir insanın narkotikə meyil etməsinin əsas səbəblərindən biri mənəvi aclıqdır", deyə psixoloq bildirib.

F. Mehmanqızı sözlərinə davam edərək vurğulayıb ki, ailədaxili münaqişələr, valideynləri tərəfindən təsdiq olunmamaq, öz mənliyini isbat edə bilməmək gənclərin başqa mühitə düşməyinə təsir göstərir: "Elə mühitə düşür ki, orada özünü təmin edə, lider sayıla bilir və önəmli şəxsdir. Özünü təsdiq edə bilməyən, dəyər görməyən tip gənclərin həmin mühitə düşməyi narkomanlar üçün daha əlverişlidir. Narkomanlar belə mənəvi aclıq yaşayan gəncləri özlərinə cəlb edib, eqolarını təmin edərək rahat şəkildə narkotik istifadəçisi edə bilirlər.

Mənim öz statistikama əsasən, narkotik aludəçilərinin hamısı demək olar ki, ailədən sevgi görməyən insanlardır. Doğrudur, valideynlər deyə bilər ki, biz övladımıza kifayət qədər sevgi veririk. Amma valideynlərin nə qədər sevgi verdiyi deyil, uşağın nə qədər sevgi aldığı önəmlidir. Əgər uşağın xarakteri formalaşdığı dövrdə ailədə öz fikirlərini rahat şəkildə ifadə edə bilmir, ailədən diqqət, sevgi görmürsə, təbii ki, bunları kənarda axtaracaq. Bu da o gəncləri narkotik istifadəçiləri ailəsinin bir üzvü olmağa gətirib çıxaracaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə