Şəhər sakinlərinin 2023-cü ildən gözləntiləri nədir? - SORĞU

Təqvimimiz ilin son günlərini sıralayır. Bu isə o deməkdir ki, kiçikdən böyüyə, hamımızın çox sevdiyi, böyük ümidlərlə gözlədiyi yeni ilin gəlməsinə az qalıb. Bakımız bayram ab-havasına bürünərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə hazırlaşır. Hər il olduğu kimi, bu il də təzə ilin gəlişi ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektləri, park və xiyabanları bayramsayağı bəzədilib. Bütün bunlar paytaxt sakinləri ilə yanaşı, Bakıya üz tutan minlərlə qonağın da zövqünü oxşayır. Sevincli Yeni il təlaşına bürünən işıqlı və rəngarəng paytaxt küçələrində havanın soyuq olmasına baxmayaraq insan axını azalmır. SİA şəhər sakinləri arasında sorğu apararaq onların yeni ildən gözləntilərini, arzularını öyrənib.

Şəhər sakini Durna Əkbərova: "Öncə bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Arzu edirəm ki, xalqımız bir daha müharibə görməsin, şəhid xəbəri almasın. Allah balalarımızı qorusun. 2023-cü il hər birimizə sağlıq, xoşbəxtlik gətirsin, xeyirli-düşərli bir il olsun".

Şəhər sakini Mustafa Əliyev: "Yeni il öz bərəkəti ilə gəlsin. Rahat, şən, firavan bir il keçirək. Allah Prezidentimizə can sağlığı versin, onu dövlətimizin başından əksik etməsin. Onun, həmçinin Azərbaycanın mərd oğullarının sayəsində Qarabağımıza qovuşmuşuq. İnşallah 2023-cü ildə daha böyük uğurlara imza ataq, qalan torpaqlarımızı da müharibə olmadan geri qaytaraq".

Şəhər sakini Səkinə Allahverdiyeva: "Məncə, bayramı qeyd etmək üçün öz ölkəmizdən daha yaxşı yer yoxdur. Evimizdə uşaqlarımla, nəvələrimlə bir yerdə olmaq mənim üçün ən gözəl bayram hədiyyəsidir. Xalqımıza can sağlığı, əmin-amanlıq arzulayıram".

Şəhər sakini Hüseyn Bağırov: "İnşallah bayramı öz rayonumuzda, yəni Qaxda qarşılayacam. Normalda iş çox olur, gedə bilmirik. Ən azından bayramlarda gedib bölgələrimizin gözəlliyini görür, şəhər qarışıqlığından uzaq oluruq. Qarşıdan gələn yeni ildə işlərimizdə uğurlar, bol qazanc arzulayıram. Hər birimizə gələn ili bütün problemlərimizi həll etmiş şəkildə qarşılamaq nəsib olsun".

Şəhər sakini Qənirə Məmmədova: "Xalqımızı Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sağlamlıq, uzun ömür, sevinc arzu edirəm. Allah hamımıza ailəmizlə xoş günlər yaşamağı qismət eləsin. 2023-cü ildə ermənilərin ağıllarını başlarına yığdığının və Azərbaycan torpaqlarında əmin-amanlığın şahidi olaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə