Azərbaycan və Türkiyə qardaşlığı hansı dövlətləri qıcıqlandırır? - POLİTOLOQDAN ŞƏRH

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı açıq şəkildə ifadə etdi ki, biz hər zaman və hər vəziyyətdə Azərbaycanın yanındayıq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti bildirdi ki, Azərbaycan və Türkiyə birlikdəliyi daim davam edəcək: "Əslində, bu çıxış həm region, həm də dünya ölkələrinə açıq mesaj xarakteri daşıyır. Türkiyə və Azərbaycan birliyini bəzi dövlətlər qəbul edə bilmirlər. Ona görə də müəyyən mənada, müxtəlif formalı təxribatlara da əl atırlar. Əlbəttə ki, Türkiyə prezidentinin bu cür açıqlama verməsi həm Azərbaycanın təhlükəsizliyi, həm də Azərbaycan -Türkiyə ittifaqının güclənməsi baxımından çox önəmli və vacibdir. Çünki son dövrlər Ermənistan və Azərbaycanın müəyyən edilməmiş sərhədində təxribatlar baş verir, eyni zamanda, Azərbaycan daxilində digər kənar güclərin uzantılarının aktivləşməsi onu göstərir ki, bu birliyin möhkəmlənməsinə ciddi ehtiyac var. Bu ehtiyacı təmin etmək də hər iki dövlətin üzərinə düşən öhdəlikdir. Düşünürəm ki, həm Azərbaycan, həm Türkiyə bu öhdəlikləri layiqincə yerinə yetirir.

Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, Türkiyə liderinin bu açıqlaması region və qonşu dövlətlərin eləcə də dünyanın digər dövlətlərinə mesaj olması ilə bərabər, həm də daxildə birliyin möhkəmlənməsinə təkan verəcək addımdır: "Təbii ki, bu açıqlamadan sonra müəyyən reaksiyalar gözlənilir. Lakin bizim üçün önəmli olan qonşu dövlətlərin və dünyanın başqa dövlətlərinin reaksiyası deyil. Bizə vacib olan məqam odur ki, Azərbaycanın dövlət maraqları təmin olunsun. Bu isə Azərbaycan -Türkiyə birliyinin daha da möhkəmlənməsinə səbəb olacaq. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan və Türkiyə qardaşlığı daha yüksək səviyyəyə qalxacaq, lakin bu da digər dövlətlərin qıcıqlanmasına səbəb ola bilər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə