Azərbaycanı Avropa İttifaqı ilə nə bağlayır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan dövləti bütün tərəfdaşları ilə səmimi, praqmatik, eyni zamanda milli maraqlara uyğun xarici siyasət yürüdür". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, son illər ölkəmizin Avropa İttifqı ilə münasibətləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır: "Avropa İttifaqı ilə tərəfdaşlıq sənədinin imzalanması üzərində ciddi iş gedir, böyük ehtimalla tezliklə Azərbaycanın maraqlarını tam təmin edəcək sənəd imzalanacaq. Təkcə son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Aİ rəhbəri Şarl Mişellə görüşləri, əldə edilən razılaşmalar, həmçinin Avropanın aparıcı dövlət başçıları ilə görüşlər, qarşılıqlı danışıqlar, fikir mübadilələri deməyə əsas verir ki, ölkəmizin Avropa İttifaqı ilə əlaqələri yüksək səviyyədədir.

Azərbaycan bölgədə xüsusi söz sahibidir, Prezident İlham Əliyev nəinki regionda, dünyada güclü lider, qətiyyətli dövlət xadimi, güvənilən və etibar edilən siyasətçidir. Bütün bu amillər ölkəmizin dünyada çəkisini və əhəmiyyətini durmadan artırır. 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan tamamilə yeni reallıqlar yaradıb və bu bütün dünya, o cümlədən Avropa tərəfindən qəbul edilir. Aİ ölkələri Azərbaycanın haqqlı mövqeyi ilə razılaşır. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, son bir ayda Rusiya ilə Ukrayna arasında yaranan hərbi qarşıdurma fonunda Avropa İttifaqı liderləri dəfələrlə Azərbaycan Prezidenti ilə təmaslar yaradıb, bölgədə yaranan təhlükəli proseslər müzakirə olunub, cənab İlham Əliyevlə məsləhətləşmələr aparılıb.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində iqtisadi-ticari əlaqələr də yüksələn xəttlə inkişaf edir. Ölkələrimiz arasında idax-ixrac əməliyyatları hər il sürətlə artır, investisiya imkanları genişləndirilir, iqtisadi əlaqələr şaxələndirilir. Xüsusilə də Azərbaycan son illərdə Avropanın əvəzedilməz enerji təminatçısına çevrilib. Bu gün Avropanın qaz və elektriklə təminatında Azərbaycanın çəkisi artıb. Aİ ölkələri gələcəkdə təchizatın artırılması üçün ölkəmizlə mütəmadi danışıqlar aparır. Hesdab edirəm ki, bütün bunlar əlaqələrin daha da inkişafına zəmin yaradacaq, Aİ ilə həm iqtisadi, həm ticari münasibətlər gələcəkdə də müsabət yöndə inkişaf edəcək.

Avropa İttifaqı Ermənistanla sülh müqaviləsinin imzalanması və son zamanlar Qarabağ ətrafında gedən proseslərin nizamlanmasında da Azərbaycanın mövqeyini dəstəkləyir. Düzdür, bəzən bir sıra Aİ ölkələrinin haqsız mövqeyinə və əsassız bəyanatlarına da rast gəlinir. Bunlar, sözsüz ki, münasibətlərə müəyyən mənada xələl gətirə bilər. Bu tip xoşagəlməz halların aradan qaldırılması üçün Aİ ölkələri Ermənistana ciddi təziqlər göstərsə, daha yaxşı olardı. Azərbaycanın haqqlı mövqeyi Aİ üçün bəllidir. Söhbət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətdən gedir və Qarabağda fəaliyyət gösətərən qanunsuz erməni silahlı dəstələri dərhal ərazidən çıxarılmalıdır. Ermənistan heç bir şərt irəli sürmədən Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiya və demarkasiyasına, kommunikasiyaların açılmasına razılıq verməldir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə