Şuşa Bəyannaməsi: Türkiyə və Azərbaycan münasibətlərində yeni dönəm DEPUTAT ŞƏRH ETDİ

"Fevral ayının 1-də Azərbaycan Respublikasının parlamenti ötən ilin 15 iyun tarixində imzalanmış Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik səviyyəsinə qaldırılmış münasibətləri özündə əks etdirən Şuşa bəyannaməsi ratifikasiya etmişdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsi ikitərəfli əlaqələrin inkişafına, regional və qlobal kontekstdə münasibətlərə müsbət təsirini göstərməkdədir: "Önəmli aspektlərindən biri budur ki, bəyannamə ilk olaraq beynəlxalq hüququn prinsip və normalarına əsaslanaraq BMT əsasnaməsini əsas meyar kimi götürüb. Bəyannamə təsirini hər iki ölkələr arasındakı münasibətlərə sərgiləməkdədir. Önəmli məqam odur ki, bu bəyannamə hər hansı bir üçüncü ölkəyə yönəlməyib. Bəyannamənin maddələrini iki hissəyə bölmək olar. Birinci hissə ikitərəfli münasibətləri özündə ehtiva edən məqamlardır. Digər hissə isə regional və qlobal əməkdaşlığa dair maddələrdir. İkitərəfli münasibətlərə dair olan maddələrdə iki ölkə arasında silahlı qüvvələrin təkminləşdirilməsi, hərbi hissələrin inkişafı, Təhlükəsizlik Şurasının iclaslarının birgə keçirilməsi və s. məsələləri əhatə edir. Önəmli məqamlardan biri iqtisadi, ticarət, diaspor və parlament arasında olan münasibətlərin inkişafına da töhfəsini verəcək. Digər məqam ondan ibarətdir ki, Türkiyə və Azərbaycan arasında olan münasibətlər, eyni zamanda, onların təmsil etdiyi regional və beynəlxalq təşkilatlarda da vahid nöqtədən çıxış etmədə də öz təsirini göstərəcəkdir. Bəyannamədə bundan sonra həm regional və qlobal təhdidlərə cavab nöqteyi-nəzərindən, həm də xarici siyasət kursunun formalaşmasında maraqların kəsişməsi baxımından mütləq şəkildə mövqelərin dəqiqləşdirilməsi və kordinasiyası ilə bağlı razılıq əldə olunmuşdur".

Ramin Məmmədov qeyd edib ki, iki qardaş dövlətin ikitərəfli münasibətlər prizmasından, eyni zamanda da, qlobal müstəvidə əməkdaşlıqlarda çox ciddi müsbət təsir edəcəkdir: "Qlobal və regional məsələlərə gəldikdə isə beynəlxalq təşkilatlarda fəaliyyətlərə dair vahid nöqtədən çıxış etmək Bəyannamədə öz əksini tapıb. Digər önəmli məqam Qarabağın bərpası və bərpasından sonra regional əməkdaşlıq üçün yeni imkanlar yaradılması baxımından Bəyannamədə özünü ehtiva edir. Regional təhlükəsizlik və sabitliyin qorunması mövzusunda da Türkiyə və Azərbaycan münasibətlərinin tənzimlənməsi çox vacib məsələdir. Şuşa Bəyannaməsinin həm imzalanma mühiti, həm də global çağırışlar fonunda Azərbaycan parlamenti tərəfindən radifikasiya olunmasının mühüm əhəmiyyəti var. Artıq Türkiyə parlamentində bu məsələ ilə əlaqədər yaxın zamanlarda qərar qəbul ediləcəyi ilə bağlı mövqe açıqlanıb. İki dövlət arasında münasibətlər bundan öncə imzalanan 1921-ci ildə Qars müqaviləsi,1994-cu ildə hərtərəfli inkişafla bağlı müqavilə və 2010-cu ildə imzalanan strateji tərəfdaşlıq və hərtərəfli yardımla bağlı müqaviləni əsas götürərək münasibətləri ən yüksək səviyyəyə müttəfiqlik səviyyəsinə qaldırılmasına nail olmuşlar. Bundan sonra da Şuşa Bəyannaməsi regional və qlobal eyni zamanda, ikitərəfli münasibətlərin inkişafına ciddi təsir və töhfə verəcəkdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə