Şuşa Bəyannaməsinin hər maddəsinin ayrı bir mənası var - SABİQ SƏFİR AÇIQLADI
"Bildiyimiz kimi Şuşa Bəyannaməsi 1 fevralda Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edildikdən sonra dünən Türkiyənin Böyük Millət Məclisində də təsdiq edildi. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin rəsmi sənədidir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi həm Türkiyə, həm Azərbaycan üçün konstitusiya səviyyəsindədir: "Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci ilin Qars müqaviləsinə, 9 fevral 1994-cü ilin Dostluq və Əməkdaşlıq Müqaviləsinə, 16 avqust 2010-cu ildə imzalanan Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad etməkdədir. Bəyannamə həm siyasi, həm iqtisadi, həm hərbi, həm də sosial sahədə əməkdaşlığı nəzərdə tutur. Şuşa Bəyannaməsində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözü və Ümummilli lider Heydər Əliyevin Bir millət iki dövlət” kəlamı ilk dəfə rəsmi bir sənəddə öz əksini tapmışdır. Bu da böyük önəm kəsb edir. Həm 30 ildən sonra Azərbaycanın işğaldakı torpaqlarının azad edilməsi xatırladılmaqda, həm də soyqırım mövzusuna da toxunulmaqdadır.
Sənəddə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi dəstək qeyd olunmaqdadır. Eyni zamanda bu bəyannamə Türkiyə-Azərbaycan münasibətlərini iqtisadi, sosial, siyasi, ümumilikdə bütün sahələrdə əks etdirməkdədir. Xüsusilə də dövlətlərdən birinə əgər bir hücum baş verərsə, qarşılıqlı olaraq bu hücumu öz dövlətinə edildiyini bilərək bir-birinə kömək edirlər. Bu bir növ əməkdaşlıqdır. Ona görə də bu sənəd artıq rəsmi statusunu qazanıb. Şuşa Bəyannaməsinin hər maddəsinin ayrı bir mənası var. Hər maddəsi Azərbaycan-Türkiyə münasibətlərinə tam başqa bir güc verir. Düşünürəm ki, Şuşa Bəyannaməsi dərsliklərdə çap olunmalıdır. Hər türk və Azərbaycan vətəndaşı bu bəyannamədəki maddələri bilməlidir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB