"Mina təmizləmə işləri sürətlə davam edir" HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Təəssüflər olsun ki, Ermənistan hələ də beynəlxalq hüquq normalarına əməl etmir". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Hərbi ekspert bildirib ki, uzun müddət Azərbaycan ərazisinin bir hissəsini Ermənistanın işğal etməsi və BMT-nin qətnamələrini həyata keçirməməsi, müharibə dövründə soyqrım siyasəti həyata keçirməsi bunu bir daha göstərdi ki, Ermənistan Beynəlxalq hüquqi normalara riayət etmir: "Eyni zamanda, beynəlxalq hüquqlardakı ən ağır cinayətləri törətməklə bunu bir daha sübut etdi. Müharibə qanunlarına görə bu cür ağır silahlardan istifadə etməklə təbiətə, insanlara zərər verdi. Eyni zamanda, kütləvi minaların basdırılması qadağandır. Ermənilər isə bu qanun və qaydalara əhəmiyyət vermədən mina basdırılmasını həyata keçirdi. Ağdam ərazisində 97 min mina xəritəsini qaytarsalar da, onun da böyük hissəsi yanlış çıxdı. Sovet dövründə SSRİ-nin ən böyük mina zavodlarından biri Yerevanda olub. Ermənistan bu zavodda istehsal olunan minaları Qarabağ ərazisinə basdırıb. 100 minlərlə həm insan əleyhinə, həm də tank əleyhinə minalar basdırılıb. Bu, ən ağır cinayətdir. Torpaqlarımızı işğaldan azad etdikdən sonra Ermənistan tərəfi deyirdi ki, mina xəritələri yoxdur. Lakin minaları yalnız peşəkarlar basdıra bilər. Minalanma xəritəsiz aparıla bilməz. Xəritə surətləri 3 hissədə tətbiq edilir. Biri hərbi hissədə qalır, biri qərargahda, digəri də müdafiə nazirliyinə gedir. Mina anbardan götürülən zaman da sayı müəyyənləşdirilməlidir. Təəssüflər olsun ki, ermənilər hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməyib.

Emin Həsənli sözlərinə əlavə edərək bildirib ki, Azərbaycanda mina təmizləmə işləri surətlə davam etdirilir: " Müdafiə Nazirliyində hərbi hissələr yaradılıb. Fövqələdə Hallar Nazirliyi də minaların təmizlənməsi işi ilə məşğuldur. Qardaş Türkiyə də bu işdə Azərbaycana dəstəkdir. İsraildən mina təmizləmək üçün müasir texnologiyalar alınıb. Azərbaycan dövləti bütün gücü ilə çalışır ki, minalanmış ərazi təmizlənsin və xeyli işlərdə görülüb. Eyni zamanda, hava limanları tikilir, yollar çəkilir, infrastruktur bərpa olunur, elektrik enerjisi düzəldilir, qəsəbələrin tikintisinə başlanılıb. Yəni, kompleks quruculuq işləri görülür. Ermənistanın xəritələri verməsə belə, Azərbaycan dövləti sürətli olaraq mina təmizləmə işləri aparır. Paralel olaraq digər işlər də həyata keçirilir. 9 noyabr bəyanatından sonra Ermənistan mina xəritələrini Azərbaycan tərəfinə qaytarmalı idi. Bundan əlavə bir çox hərbi və mülki vətəndaş minalara düşərək dünyasını dəyişib, yaralanıb, xəsarət alıb. Bu, bir daha onu göstərir ki, ermənilər hələ də heç bir hüquq normalara əməl etmir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə