Azərbaycanın mövqeyi açıqdır və dəyişməzdir - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatları son vaxtlar müəyyən ümidlər verir. Bunu cənab Prezident də sonuncu müsahibəsində və İranın yol nəqliyyat naziri ilə görüşəndə də qeyd etdi”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq Fərhad Məmmədov qeyd edib ki, ümumi olaraq Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşması xətti izlənilir: “Lakin Azərbaycan üçün cənab Prezident bunu da xüsusi olaraq qeyd etmişdi ki, Ermənistanda olan hal-hazırda hakimiyyətə etibar, etimad hissi çox aşağıdır. Azərbaycan üçün bəyanatlardan daha çox qəbul edilmiş qərarlar vacibdir və Azərbaycan bu qərarları gözləyir. Azərbaycanın mövqeyi açıqdır, dəyişməzdir və əsas prinsiplər üzərində qurulub. Münaqişənin əsası Azərbaycanın ərazi bütövlüyünü iddia idisə, Ermənistan hakimiyyəti bu iddiadan əl çəkməlidir və müvafiq qərarlar qəbul etməlidir ki, bunun artıq hər hansısa bir sənəddə öz əksini tapsın”.

Politoloq vurğulayıb ki, Paşinyan son bir ayda üç dəfə mətbuat konfransı keçirib və elə bil ki, erməni cəmiyyətinə məlumatlar ötürür: “Hətta bu 26 il ərzində elə bir danışıqlar dövrü olmayıb ki, orada Qarabağın nəzəri də olsa müstəqilliyi təmin edilsin. Mesaj tam aydındır ki, o, Qarabağda yaşayan ermənilər üçün müəyyən səviyyədə təhlükəsizlik qarantiyaları istəyir, amma bunu müstəqillik formasından çıxaraq həyata keçirmək niyyətindədir. Burada əsas ziddiyətlər ortaya çıxır, çünki, istək ola bilər, amma Ermənistanın hər bir məsələ ilə bağlı istər sülh sazişi, istər sərhədlərə bağlı proses, istərsə də Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasında Azərbaycan faktorunun nəzərə alınmaması və digər məsələlər var ki, orada Ermənistanın şərtləri Azərbaycan tərəfindən qəbuledilməzdir. Azərbaycan tərəfi isə müharibədən sonra strateji təşəbbüsə yiyələnib. Ermənistan hakimiyyəti bu bir il bir neçə ay ərzində əlavə təhsil mexanizmləri formalaşdırıb və bundan istifadə edərək həm konstruktiv, həm konfrantasiya resursunu istifadə edərək öz istəyinə nail olub. Ermənistan cəmiyyətində bu diskussiyanın açılması belə özü bir nailiyyətdir. Lakin yenə də bəyanatlardan daha çox qərarların əhəmiyyəti Azərbaycan tərəfindən xüsusi olaraq qeyd edilir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə