Radikal müxalifətin icazəsiz aksiyası bütün cəmiyyəti təəccübləndirdi - DEPUTAT ŞƏRH ETDİ

"Radikal müxalifətin bu günlərdə şəhərin mərkəzində keçirdiyi icazəsiz aksiya bütün cəmiyyəti təəccübləndirdi. Həmin gün bir gün əvvəl Qaraheybətdə hərbi poliqonda həlak olmuş 12 nəfər hərbi qulluqçumuzun dəfn prosesi gedirdi və bütün cəmiyyətin diqqəti qəhrəman əsgərlərimizin son mənzilə yola salınmasına yönəlmişdi. Belə bir gündə radikal müxalifət şəhərin mərkəzində qanunsuz əməllərinə görə tutulmuş bir nəfərin müdafiəsi ilə bağlı aksiya keçirirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, onlar bilirdilər ki, həmin gün 14 hərbçimiz dəfn edilir: "Onlar bilirdilər ki, həmin gün Azərbaycan onları göz yaşları ilə yola salır. Ancaq bununla belə özlərinin kiçik partiya maraqlarını ortaya atması, dünyanın diqqətini 14 nəfər həlak olmuş hərbçimizə deyil, özlərinin cılız siyasi ambisiyalarına yönəltməsi cəmiyyətdə təəccüb doğurdu".

Deputat sözlərinə belə davam edib: "Əslində radikal müxalifətdə bugün hansısa bir konstruktivlik, inkişafımızla bağlı təklif gözləməyə dəyməz. Xaricdən Azərbaycanda bir siyasi partiyanın maliyyələşməsi üçün qanunsuz pul köçürmələri edən bir nəfərin müdafiəsinə qalxmaq əslində Azərbaycan cəmiyyətini sarsıtmaq cəhdlərindən başqa bir şey deyil. Bu o deməkdir ki, xaricdən istənilən naməlum bir mənbə Azərbaycanda hansısa bir siyasi qüvvəni maliyyələşdirmə hüququna malik olmalıdır. Bu isə əlbəttə ki, müstəqilliyimizi və təhlükəsizliyimizi böyük bir sual altında qoyur. Radikal müxalifət diqqəti özünə yönəltdi. Amma bununla belə hesab edirəm ki, cəmiyyətin maraqları ilə yaşamadığı, bugün özünün kiçik, xırda qrup maraqlarını müdafiə etməklə məşğul olduğu hamıya aydın oldu".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...