"Konstitusiya dəyişikliyi günün tələbi deyil" DEPUTATDAN AÇIQLAMA

“Son günlər bəzi saytlarda, ardınca isə sosial şəbəkələrdə Azərbaycanda bu yaxınlarda referendum keçiriləcəyi, konstitusiyada dəyişiklik ediləcəyi, ardınca isə parlamentin buraxılacağı barəsində xəbərlər dolaşmaqdadır. Bu, müəyyən müzakirələrə səbəb olub. Hesab edirəm ki, bunun heç bir əsası yoxdur. Azərbaycan Konstitusiyasında dəyişiklik cəmisi 5 il bundan əvvəl aparılıb və Azərbaycanda çox mükəmməl effektli bir idarəetmə sistemi yaradılıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, parlament seçkilərinin də vaxtı deyil: “Bu gün parlament seçkilərinin yenidən keçirilməsinə və konstitusiya dəyişikliyinə heç bir lüzum yoxdur. Buna həyati tələb, sosial sifariş mövcud deyil. Bununla belə, şayiələrin yayılması, hesab edirəm ki, heç də təsadüfi deyil. İş burasındadır ki, bu gün Azərbaycan gündəmində duran əsas məsələlər işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, Ermənistanla münasibətlərin yeni səpkidə qurulması, Zəngəzur dəhlizinin açılması məsələləridir. Görünür bu tip məsələlərin gündəmdə əsas yerləri tutması müəyyən dairələrə, bəlkə də xaricdə müəyyən qruplara heç də xoş gəlmir. Ona görə də onlar gündəmi dəyişməyə, Azərbaycan gündəminə bugün şayiələr üzərində qurulan və yaxud da ki, Azərbaycan vətəndaşında çaşqınlıq yaradan müəyyən məsələlərin hallanmasında maraqlıdılar”.

Deputat sözlərinə belə davam edib: “Tamamilə mümkündür ki, Azərbaycanda elə bir sosial bazası olmayan kiçik siyasi qruplar gündəmə gəlmək, Azərbaycan üçün əhəmiyyətli bir fiqur olduğunu yada salmaq istəyirlər. Onların Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa alternativ və üstün olacaq hər hansı bir proqramları yoxdur və ola da bilməz. Həmçinin, bu gün onların diqqətini çəkən hər hansı bir fəaliyyəti də gözə çarpmır. Bu baxımdan vətəndaşları da çaşdıran və yaxud da ki, şaiyə xarakteri daşıyan məsələlərin dövriyəyə buraxılması daha çox cəlb edir. Bu tip məsələlər bir qayda olaraq Azərbaycanda ictimai fikri səhv yola yönləndirmək xarakteri daşıyır. Bu tip məsələlər ümumiyyətlə gündəmdə yoxdur. Nə yeni seçkilərin keçirilməsi, nə konstitusiyada dəyişikliklər günün tələbi deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...