"Bu, Azərbaycanı istəməyən siyasi dairələrin ortaya atdığı şayiələrdir" - DEPUTATDAN AÇIQLAMA

“Milli Məclisin buraxılacağı, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi və eyni zamanda, referendumun keçiriləcəyi ilə bağlı yayılan xəbərlər əsassız və qərəzlidir. Eyni zamanda da, müəyyən siyasi dairələrin məqsədlərinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, hər bir hadisənin baş verməsi üçün onu şərtləndirən amillər olmalıdır: “Bugünkü reallıqlar isə ondan ibarətdir ki, adı çəkilən proseslərin ölkəmizdə baş verməsi üçün heç bir amil və əsas yoxdur. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, indi biz yeni tarixi dövrə daxil olmuşuq, tarixi qələbəyə imza atmışıq və yeni tarixi dövrdə isə qarşımızda yeni hədəflər mövcuddur. Bunlara, ilk növbədə, Qarabağın bərpası və yenidənqurması, həmin ərazilərin minalardan təmizlənməsi, "Böyük Qayıdış", Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlərdir. Bütün bunların fonunda növbədənkənar parlament seçkiləri və referendumun keçirilməsinə nə ehtiyac var?! Buna o halda ehtiyac olardı ki, parlament üzərinə düşən funksiyanı yerinə yetirə bilməsin. Halbuki, altıncı çağırış parlamentin fəaliyyəti kifayət qədər uğurlu olub”.

Deputat sözlərinə belə davam edib: “Qanun yaradıcılığı prosesi nöqteyi-nəzərindən, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, mətbuata açıq olmaları baxımından deputatlar kifayət qədər uğurlu fəaliyyət göstəriblər. Eyni zamanda, parlamentin spikeri hörmətli Səhibə xanım, sözün həqiqi mənasında, parlamentə xanım kübarlığı gətirib. Bütün məsələlər operativ və açıq şəkildə müzakirə olunur. Yeri gəlmişkən parlamentin iclaslarında 30-40 dəqiqə ərzində cari məsələlər müzakirə olunur və hər kəs öz istədiyi fikri açıq şəkildə ifadə edə bilir”.

“Onu da qeyd edim ki, bu gün parlamentin beynəlxalq əlaqələri də kifayət qədər güclüdür. Parlamentin spikerinin rəhbərliyi altında Türkiyəyə, Pakistana, Rusiyaya, Macarıstana olan yüksək səviyəli səfərlərdən olan nəticələr, eyni zamanda, “Bakı bəyannaməsi” də onu göstərir ki, parlamentimiz həm də diplomatik nöqteyi-nəzərdən çox uğurlu fəaliyyət göstərir”.

“Bütün bu reallıqları nəzərə aldıqda, hesab edirəm ki, il yarımlıq fəaliyyətində altıncı çağırış parlamentimiz öz üzərinə düşən məsuliyyəti dərk edib və çox səmərəli fəaliyyət göstərib. Parlamentin buraxılması, növbədənkənar parlament seçkiləri, eyni zamanda, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai çıxarış yoxdur. Bu, müəyyən Azərbaycanı istəməyən siyasi dairələrin ortaya atdığı şayiələrdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...