Referendum keçirib nəyi dəyişəcəklər? AÇIQLAMA

”Son günlər Azərbaycanda referendumun keçirilməsi və Milli Məclisin buraxılmasından, erkən parlament seçkilərinin keçirilməsindən danışılır. Bu məsələni gündəmə mətbuat gətirib”. Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, mətbuatın işi bu cür xəbərləri yazmaq və analiz etməkdir: “ Nəzərə çatdırım ki, deputatlar da bu mövzu ilə bağlı fikir bildiriblər və qeyd ediblər ki, referendum keçirilməsi və ya parlamentin buraxılması gözlənilmir. Bu xəbərin əsası yox idi. Bu, sadəcə, təxəyyülün məhsulu ilə gündəmə gəlib. Belə mövzuları mətbuat gündəmə gətirməsə daha yaxşı olar. Eldəniz Səlimovun hadisəsindən sonra fikir yarandı ki, bu cür deputatlar varsa, parlament buraxılsın. Lakin indiki mərhələdə belə hadisənin baş verəcəyi gözlənilmir. Ola bilsin ki, gələcəkdə baş versin. İndiki situasiyada buna gərək də yoxdur. Çünki biz Qarabağı işğaldan azad etmiş dövlətik. Qarabağda möhkəmləndirmə və bərpa işləri aparılır. Böyük qayıdışa hazırlıq davam etməkdədir. Bu mərhələdə parlamentin dəyişilməsi və ya referendum keçirilməsinin əhəmiyyəti yoxdur. Referendum keçirib nəyi dəyişəcəklər? Bütün qaydalar sonuncu referendumda dəyişib. Hər hansı bir maddə Azərbaycanın inkişafında problem yaratmır. İndiki şəraitdə heç bir siyasi dəyişiklik baş verməyib. Yəni, Parlamament qanunverici orqandır və işinin öhdəsindən normal gəlir. Müharibə dövründə ölkə daxilində sabitliyin təmin olunmasında və müharibədən sonra böyük qayıdışa hazırlıq mərhələsində də parlament səmərəli fəaliyyət göstərir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə