"Erkən seçkilər məsələsi məqsədli şəkildə gündəmə gətirilir" PARTİYANIN SƏDR MÜAVİNİ AÇIQLADI

"Son günlər Azərbaycanda referendumun keçirilməsi və erkən parlament seçkilərinin keçirilməsindən danışılır. Düşünürəm ki, bu məsələlər məqsədli şəkildə gündəmə gətirilir". Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

A.Abdulkərimov vurğulayıb ki, bu günlərdə Rusiyanın müxalifət partiyasının lideri Jirinovski də region və ölkəmizlə bağlı xoşagəlməz açıqlamalarla çıxış etmişdi: "Hesab edirəm ki, bu məsələlər hər hansısa bir mərkəzdən idarə olunur. Amma, indiki məqamda Qarabağda böyük bir qələbə qazanmışıq. Qarabağda çox ciddi görəcəyimiz işlər var. Düşünürəm ki, dövlət bu məqamda daha çox Qarabağ probleminin tamamlanmasına diqqət göstərməlidir. Amma referendumla bağlı da müzakirələr var. Fikrimcə, bu məsələ ən azından parlament və ictimaiyyət səviyyəsində müzakirələr olmalıdır ki, bu qərarlar verilsin. Amma, bəzi qüvvələr məsələni sanki körükləyirlər. Guya bu gün, sabah parlament buraxılacaq və ya referendum olacaq. Bu, ümumiyyətlə, o yerlərdə olur ki, ölkənin daxilində ciddi siyasi böhran yaşansın. Bu gün ölkəmizdə nəinki siyasi böhran, əksinə partiyalar arasında siyasi anlaşma, cəmiyyətdə plüralizm mövcuddur. Qarabağ zəfərindən sonra Cənab Prezident İlham Əliyevin reytinqi kifayət qədər yüksəlib. İctimai rəydə prezidentə olan münasibət çox yüksək səviyyədədir. Əsas da vətəndaşlarımız yekdil şəkildə prezidentini dəstəkləyir. Bu baxımdan ölkədə bu məsələnin baş verəcəyini praqnozlaşdırmıram. Bəzi şəxslər bu məsələni hansısa siyasi məqsədlərdən çıxış edərək şişirtməyə çalışırlar. Ola bilsin ki, hansısa xarici havadarlarından bu sifarişləri alıblar. Bəzi deputatlarla bağlı çıxarılan qərarlar bunların əlinə əsas verir ki, parlamentin üzərinə getsinlər. Lakin, mən bu prosesin olacağını hiss etmirəm. Yaxın günlərdə bu kimi dəyişiklər də gözlənilən deyil".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə