"Parlament seçkilərinin yenidən keçirilməsi ilə bağlı fikirlər əsassız və qərəzlidir" - BAŞ REDAKTOR AÇIQLADI

"Son günlər Azərbaycanda referendumun keçirilməsi və Milli Məclisin buraxılmasından, erkən parlament seçkilərinin keçirilməsindən danışılır. Əlbəttə yenidən parlament seçkilərinin keçirilməsi ilə bağlı bu fikirlər əsassız və qərəzli yanaşmadır". Bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

Redaktorun sözlərinə görə, ümumiyyətlə parlament 2 ilə yaxındır ki, fəaliyyət göstərir və yeni formalaşıb: "Peşəkar və kifayət qədər səmərəli fəaliyyəti göz önündədir. Ona görə də yenidən parlament seçkilərinin keçirilməsi məqbul fikir deyil. Bir daha vurğulayıram ki, bu fikri söyləyənlər xoşniyyətə söykənmirlər. Müəyyən mənada qərəz və ədalətsiz yanaşma ortaya qoyurlar. Azərbaycanda parlamentin fəaliyyəti kifayət qədər səmərəlidir. Azərbaycanda kifayət qədər zəngin qanunvericilik bazasının formalaşmasına tövhə verirlər. Bu baxımdan parlamentin hər bir üzvü istənilən bir mövzuya çevik münasibəti ilə xüsusi diqqət çəkir. Belə olduğu halda yenidən seçkilərin keçirilməsinə lüzum görmürəm. Bu fikir qərəzli, ədalətsiz və müəyyən mənada çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərən insanların absurd fikirləridir. Bu absurd fikirlərə cəmiyyətdə yer verilə bilməz. Cəmiyyətin sağlam düşüncəli insanları hər şeyi yaxşı görür. Bu səsləndirənlər xoşniyyətli olmayan çirkin fikirlərdir. Qərəzli yanaşma ilə parlamentin yenidən buraxılması yalnış addım olar".Yenidən Parlament seçkilərinin keçirilməsi fikrinin səsləndirilməsi qərəzlidir

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə