"Növbədənkənar seçkilərin keçirilməsini məqsədəuyğun hesab etmirik" QHT RƏSMİSİ AÇIQLADI

"Son günlər bəzi mətbuat orqanlarında müəyyən təhlillər yazılır və belə bir fikir formalaşdırılır ki, ölkədə payız ayında referendum keçiriləcək və Milli Məclis buraxılıb yenidən növbədənkənar seçkilərə gediləcək". Bunu SİA-ya açıqlamasına Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bunun heç bir hüquqi əsası yoxdur: "Bəzi şəxslər bunu əsaslandırır ki, 44 günlük azadlıq müharibəsindən sonra yeni idarəçilik formasına keçid olması ilə əlaqələndirir. Düşünürəm ki, dövlətin siyasi xətti və cənab prezidentin kursu hər kəsə məlumdur. Hər hansı bir idarəçiliyə keçidlə bağlı referendum keçirilməsi hazırda görünmür. Bunu məqsədə uyğun hesab etmək də olmaz. Bizim hazırda Qarabağın dircəldilməsi ilə bağlı çox böyük işlərin aparılmasına və maliyyə vəsaitinə ehtiyacımız var. Parlament il yarımdır ki, fəaliyyət göstərir və demək olar ki, yeni formalaşıb. Bu parlamentdə yeni hadisələrə şahid olduq. İlk dəfə xanım parlamentin sədri seçildi və uğurlu fəaliyyətini davam etdirir. Belə hesab edirəm ki, Sahibə Qafarovanın il yarımdır ki, həm qanunverçilik və xalqla əməkdaşlıq sahəsində gördüyü işlər təqdirə layiqdir. Parlament rəhbərliyi haqqında da bu düşüncədəyəm. Komitələrdə müxalifət nümayəndələri və bitərəflər rəhbər vəzifələrə çəkiliblər. Parlament 44 günlük bizim çətin, şanlı zəfər dövrümüzə gedən yolda da parlament əməkdaşlarının və üzvlərinin müəyyən fəaliyyətlərinin uğurlu nəticəsini gördük. Düzdür, qüsurlu parlamentarlar və mətbuatdan uzaq olan, eyni zamanda, gündəm olan məsələlərə kifayət qədər yaxınlaşmaq istəməyən parlamentarlar var. Bu, bütün çağırılışlarda olub. Amma bu da ona əsas vermir ki, parlament buraxılsın və yenidən seçkilər keçirilsin. Hesab edirəm ki, bunların heç bir əsası yoxdur. Qeyd edim ki, hazırda hakimiyyətin üst bölgüsü olan qanunverici hakimiyyətlə və digər hakimiyyətin qolları ilə çox sıx əməkdaşlıq mövcuddur. Prezident Administrasiyasında yeni yaradılan şöbə Parlamentlə əməkdaşlıq şöbəsi parlamentin işinə təkan vermək və parlamentlə əməkdaşlıq üçün yaradılıb. Bu problemlərin aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlığa xidmət edir. Bu da Azərbaycan dövlət idarəçiliyində yeni bir haldır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...