"Paşinyan siyasi təlxək rolunda çıxış etməyə davam edəcək" POLİTOLOQ AÇIQLADI

"20 iyun tarixində Ermənistan parlament seçkilərinin nəticələrində bizim üçün pis və ən pis seçimlər arasından Paşinyanın qalib gəlməsi daha məqbul idi”. Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, seçkilərdə ikinci yerdə namizəd kimi dayanan Koçaryan idi: “Bu gün onun palatası da parlamentdə düşdü. Onun hakimiyyəti dövründə birinci Qarabağ müharibəsi zamanı etdikləri vəhşiliklər hər kəsə məlumdur. Eyni zamanda, Koçaryan revanşizm meyillərə malikdir. Paşinyan isə Rusiya ilə Ermənistan arasında münasibətlərdə bir qədər soyuq ab-hava gətirdiyi və bir qədər bölgə ilə bağlı revanşistlərdən fərqli düşüncəyə sahib olduğu üçün onun hakimiyyətdə olması Azərbaycanın Qarabağla və bölgədə gedən proseslərlə bağlı maraqların reallaşması müddətini daha tezləşdirə bilər. Düşünürəm ki, Rusiya və Ermənistan arasında olan münasibətlər 44 günlük müharibəyə gətirib çıxardı. Nəticə etibarilə qalib ölkə biz olduq. Qalib olduğumuz üçün müəyyən qədər məqsədlərimizi reallaşdıra bilərik. Ümumi götürüldükdə isə çox təəssüflər olsun ki, Nikol Paşinyanın özü də şovinist və erməni xisləti baxımından seçilməyən siyasətçilərdəndir. Paşinyanın da son zamanlar sərhədlə və Qarabağla bağlı çıxışları onu göstərir ki, bu günə qədər belə siyasi təlxək rolunu oynamaqda davam edəcək. Əgər həqiqətən də Paşinyan öz xalqı və dövləti üçün nələrəsə nail olmaq istəyirsə, ilk növbədə Azərbaycanla razılaşmalı və ərazi iddialarından əl çəkməlidir. Əks təqdirdə, Ermənistan dövlətiçiliyi bundan sonra özünün məğlubiyyətini və son dövrlərini yaşayacaqdır. Bizim xəbərdarlığımız da onlar üçün çox niyyətdir ki, heç bir havadarlarına güvənməsinlər və tez bir zamanda Azərbaycanla sərhədlərin demarkasiyasına başlasınlar və Azərbaycanın sərhədlərini tanısınlar. Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidirlər. Müharibədə məğlub tərəf olduqlarını etiraf etməlidir. Bundan sonra yeni proseslərə başlanıla bilər. Əgər Paşinyan yenə də əvvəlki kimi Cənubi Qafqazdakı yeni postmünaqişə mərhələsindəki proseslərə xələl gətirəcəksə, bu, onun üçün çox baha başa gələcəkdir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə