Operativ Qərargahın qərarına paytaxt sakinlərinin - BAXIŞI - SORĞU

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah dünən brifinq keçirib. Brifinqdə bir sıra qərarlar qəbul edilib. Belə ki, sentyabrın 1-dən ictimai iaşə obyektlərinə, qapalı restoran və kafelərə giriş Covid-19 pasportu ilə mümkün olacaq. Həmçinin tələbələrə vaksinasiya sentyabrın 1-dən başlayacaq. Bu qərarlarla bağlı SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə, təqdim edirik:

Paytaxt sakini Həsən Hüseynli: "Çox gözəl qərarlar verilib. Covid-19 pasportunun tələb edilməsi vaksinasiya prosesini daha da gücləndirəcək. Ümid edirəm ki, bu yolla da virusa qalib gələ biləcəyik. Mən özüm də vaksinasiyadan keçmişəm özümü daha rahat hiss edirəm".

Paytaxt sakini Sərvət Sadıqlı: "Mən özüm vaksinasiyadan keçmişəm. Çünki məlum məsələdir ki, virusdan qorunmağın tək yolu budur. Peyvənd olunmamışdan özümü narahat hiss edirdim. Çünki hər an adam virusa yoluxa bilər. Vaksinasiya prosesindən sonra özümü qorunmuş hesab edirəm. Vaksinasiyadan keçməyənlər ətrafını düşünməyənlərdir. Vaksinasiyadan keçmək hamının ictimai borcudur.

Paytaxt sakini Afət Qasımova: "Bu qərarlar olmalıydı. Başa düşürlər ki, insanların sağlamlığı üçün nəsə etməlidirlər. Çünki hazırda virusun yeni dalğası özünü göstərir. Mən tamamilə bu qərarlarla razıyam".

Paytaxt sakini Fərxan Əliyev: "Bu qərarlar çox lazımlıdır. Çünki pandemiyaya dırnaqarası yanaşanlar var. Ancaq məlumdur ki, pandemiya qlobal bir problemdir. İnsan həyatına olduqca təhlükəlidir. Doğrudur, mən özüm vaksinasiya prosesindən keçməmişəm, ancaq artıq yazılmaq istəyirəm".

Paytaxt sakini Hacı Əsgərov: "Mən bu qərarlarla qəti razı deyiləm. Mən özüm yaşlı adamam vaksinasiyadan keçməyi bundan sonra neynirəm".

Paytaxt sakini Təranə Mustafayeva: "Çox gözəl addım atılıb. Vaksinasiyadan keçmək insan həyatını qoruyur. Artıq 18 yaşına keçdiyi üçün elə bu gün qızım vaksinasiyadan keçəcək. Mən tamamilə bunun lehinəyəm".

Paytaxt sakini Məhəmməd Əzimov: "Bu qərarlar verilməliydi. Əgər belə qanunlar qoyulubsa, deməli ona əməl etmək lazımdır. Mən özüm vaksinasiyadan keçəcəm. Sadəcə, xəstəliyi keçirmişəm deyə, hələ gözləyirəm.

Paytaxt sakini Fidan Quluzadə: "Məncə, cəmiyyətin xeyrinə verilmiş qərarlardır. Bu qərarların düşünülmüş olduğunu hesab edirəm. Vaksinasiyadan keçməklə tək özümüzün yox, həm də cəmiyyətimizin bu bəladan qorunmasına xidmət edirik".

Paytaxt sakini Röyalə Rzayeva: "Dünyanın inkişaf etmiş ölkələrində insanları vaksinasiyaya müxtəlif yollarla cəlb edirlər. Belə bir şey Azərbaycanda niyə olmasın? Çox yerdə və düşünülmüş qərarlar verilib. Elmi olaraq sübut olunub ki, vaksin yeganə çıxış yoludur".

Paytaxt sakini Gülnarə Əsədova: "Əgər belə qərarlar verilibsə, deməli bu yaxşıca düşünülüb. Bunu mübahisə etməyə dəyməz. Qərarlara tabe olmaqdan başqa yol yoxdur".

Paytaxt sakini Tağı Turqut: "Məncə, qərarlar olduqca yerinə düşüb. Virusa qarşı tək silah vaksinasiyadır. Buna görə də, insanları belə yollarla vaksinasiya prosesinə cəlb etmək lazımdır".

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə