""Dəmir yumruq" növbəti dəfə Ermənistana elə bir zərbə vuracaq ki..." - DEPUTAT AÇIQLADI

“44 günlük Vətən müharibəsinin yekunu olaraq Azərbaycan parlaq qələbə qazandı və Ermənistanı məcbur etdi ki, kapitulyasiya aktına imza atsın. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat məhz Ermənistanın kapitulyasiya aktına imza atması kimi təsdiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bundan sonrakı mərhələdə həmin bəyanata uyğun olaraq burada məhz atəşkəs rejiminə nəzarət edilməsi üçün sülhməramlı kontingent burada fəaliyyətə başlayıb: “Əlbəttə son dövrlər Ermənistan tərəfindən törədilən davamlı təxribatlar və artıq son günlər intensiv xarakter alan müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinin yerləşdiyi yerlərə atəş açması Ermənistanın bir daha revanşist ritorika ilə çıxış etməsinə uyğunlaşdırılır. Bu bir daha onu göstərir ki, Ermənistanda hələ də vahid idarəetmə sistemi qurula bilməyib və ermənilərin havadarlarının onlara verdiyi stimuldan bəhrələnərək Azərbaycanın silahlı bölmələrini atəşə tuturlar. Sülhməramlı kontingentin burada yerləşməklə əsas vəzifələri bu cür təxribatların qarşısını almaqdır. Təəssüf ki, son günlərdə ermənilər tərəfindən törədilən təxribatlar əsasən sülhməramlı kontingentin yerləşdiyi ərazilərdə baş verir”.

Deputat həmçinin qeyd edib ki, çox təəssüf ki, sülhməramlı kontingent bugünə kimi Ermənistan tərəfinə hər hansı bir təzyiq göstərməyib: “Əlbəttə belə davam edərsə, bu Azərbaycan ictimaiyyətində narazılığın yaranmasına səbəb olacaq. Digər tərəfdən Ermənistan 44 günlük Vətən müharibəsindən ciddi nəticə çıxarda bilmirsə, Azərbaycan Prezidenti Xocasəndə baş tutmuş mərasimdə qeyd etdi ki, Azərbaycan hər zaman müharibəyə hazır olmalıdır və hər zaman da hazırdır. Ermənistan nəticə çıxartmayacaqsa, dəmir yumruq öz qüvvəsindədir. "Dəmir yumruq" növbəti dəfə Ermənistana elə bir zərbə vuracaq ki, artıq Ermənistan bundan sonra heç vaxt özünə gələ bilməyəcək”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə