"Ermənistanda artıq silahlı qruplar təşkil olunub" - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiyanın Baş qərargah rəisi Sergey İstrakovla Nikol Paşinyan arasında görüşün keçirilməsi uzun müddət artıq planlaşdırılırdı. Nəhayət ki, artıq bu görüşün baş tutması gerçəkləşdi və bu görüşdə müzakirə olunacaq çox məsələlər var idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bunların içində ən çox diqqət çəkəni ikitərəfli layihələrin müzakirəsi, keçmiş Dağlıq Qarabağ və indiki Qarabağ regionda baş verən proseslərin müzakirəsi ola bilər: “Yəni burada da ikitərəfli əlaqələrə baxsaq, ikitərəfli əlaqələrin içərisində əsasən artıq Ermənistan ordusunun 70-80%-i İkinci Qarabağ müharibəsində dağıdılıb və Ermənistanda artıq ordu yox, silahlı qruplar təşkil olunub. Görünür ki, Ermənistan tərəfi bu məsələdə yardım istəyəcək. Eyni zamanda Azərbaycan-Ermənistan sərhədi boyu rus hərbiçilərinin yerləşdirilməsi prosesini daha da sürətləndirmək ola bilər”.

Politoloq həmçinin qeyd edib ki, bundan əlavə Qarabağ bölgəsində son günlər atəşkəs hallarının pozulması məsələləri müzakirə oluna bilər: “Bununla paralel olaraq həm Azərbaycan tərəfindən, həm Türkiyə tərəfindən regionda atəşkəsin pozulması hallarına qarşı Rusiyaya ciddi şəkildə təpkilər artmaqdadır. Erməni terrorçularının Dağlıq Qarabağdan tam şəkildə çıxmasa da, müəyyən bir qisminin çıxması məsələsi müzakirə oluna bilər”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə