“Proseslər Azərbaycanın diktə etdiyi yöndə davam edəcək” DEPUTAT ŞƏRH ETDİ

“Ermənistanla bağlı cənab Prezidentin bir neçə ay öncə söylədiyi bir fikir var, hansı ki, oradakı reallığı tam dəqiqliyi ilə təsbit etdirən bir fikirdir. Cənab Prezident bildirmişdi ki, Ermənistanın hazırda asılılığı əvvəlkindən on qat artıb. Bunu mən ona görə deyirəm ki, Ermənistandakı seçkiyə Rusiya əvvəlki illərdə olduğundan on qat artıq təsir edə və kimi istəsə onu da orada hakimiyyətə gətirə bilərdi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Millət vəkilinin sözlərinə görə, proseslərin gedişi göstərdi ki, Rusiya bir növ, seçkilərə yanaşmada Qərb modelinin tətbiqinə üstünlük verdi.

“Ermənistanda, hər ikisi Rusiyadan asılı olan, amma bir-birinə nifrət edən siyasi qruplaşmalar parlamentdə təmsil olunur. Bu isə yenə də Qərbdəki bəlli güclərin təsirləri altında olan asılı ölkələrdəki prosesləri xatırladır. Oradakı vəziyyət necə qərbdəki həmin güclərə əl verirsə, Ermənistandakı durum da o cür Rusiyaya əl verir. Çünki siz fikir verdiniz, hökuməti formalaşdıran gün Paşinyan yenə başladı Avrasiya İqtisadi Birliyindən, KTMT-dən danışmağa. Yəni, o bununla, Rusiyaya sədaqətini vurğulamağa başladı.

Koçaryanla Sarkisyanın da kimliyi aydındır. Onlar bu haqda nə isə danışsalar da, danışmasalar da aydındır ki, onlar vaxtilə necə hakimiyyətə gətirdiliblər, nəyə görə gətirdiliblər və hara bağlıdırlar.
Yəni, bunu ona görə deyirəm ki, Ermənistanda permanent sabitsizliyinin yaranacağı hiss olunur ki, o da forpostun ən çox asılı olduğu ölkənin də marağındadır. Çünki belədə oradakı hakimiyyətdəkilər də, hakimiyyətə rəqib gözündə baxanlar da ancaq və ancaq Moskvanın ağzına baxacaqlar ki, nə demək istəyir. Yəni, yaranmış vəziyyət açıq deməliyik ki, Ermənistanın ən çox asılı olduğu dövlətin maraqlarına cavab verir, onun maraqları çərçivəsindədir.

“Böyük Sülh Sazişi” deyilən sazişə gəldikdə isə, bilirsiniz, Ermənistanda ya Nikol Paşinyan olsun, ya onun rəqibləri olsun, bu sazişi bağlamaq gücündə deyillər və biz bunu çox açıq şəkildə deməliyik. Bu, onlara havadarlıq adı altında onlardan geosiyasi alət kimi istifadə edənlərdən birbaşa asılı məsələdir və o güclər, necə ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyildilər, hərəkətlərindən açıq-aydın görünür ki, “Böyük Sülh Sazişi”nin bağlanmasında da onların heç birinin marağı yoxdur. Söhbət Minsk Qrupuna həmsədrlik edən dövlətlərdən gedir. Əgər onların elə bir maraqları olsaydı, onda açıq şəkildə Ermənistana Azərbaycanla bir-birinin sərhədlərini tanımağa səsləyərdilər. Görürsünüz ki, bu yoxdur. Görürsünüz ki, həmin güclərin təmsilçiləri öz ölkələrinin səfirlərini Şuşaya göndərmədilər. Bu, nə deməkdir? Bu, o deməkdir ki, onlar regionda yaranmış, lap dəqiq desək, Azərbaycanın, qardaş Türkiyənin dəstəyi ilə yaratdığı reallığı hələ həzm edə bilmirlər. Amma istənilən halda, hər kəsə, elə onların özlərinə də aydındır ki, gec-tez proseslər Azərbaycanın diqtə etdiyi yöndə davam edəcək. Çünki, Azərbaycanın gücü var, Azərbaycanın Şuşa Bəyannaməsi ilə artıq rəsmi təsdiqlənmiş müttəfiqi, özü də qardaş Türkiyənin timsalında təbii müttəfiqi var və beynəlxalq hüquq da, beynəlxalq normalar da Azərbaycanın tərəfindədir. Ermənistandakılar anlamalıdırlar ki, onlar Azərbaycanın sərhədlərini tanımamaqla öz gələcəklərini zərbə altında qoyurlar. Onda Azərbaycan da eyni məntiqdən çıxış edərək Ermənistan deyilən ölkənin sərhədlərini tanımaya bilər və heç kimə sirr deyil ki, cənab Prezidentin də vurğuladığı kimi, o Ermənistan adlanan ölkə məhz Azərbaycan torpaqlarında yaranıb. Ona görə də, bir daha vurğulayıram ki, Ermənistandakılar özləri sərbəst qərar qəbul etmək qüdrətində deyillər.
Onlardan geosiyasi alət kimi faydalananlar doğrudan da hayların səmimi havadarlardırsa, onda rəsmi İrəvanı tezliklə “Böyük Sülh Sazişi” bağlamağa səsləməlidirlər”, deyə Sahib Alıyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə