“Şəhid qardaşıma məktub” FOTOLAR

Bu mövzuda YAP Nəsimi rayon təşkilatı layihəyə start verib

2020-ci Azərbaycan xalqının uzunəsirlik tarixinə qızıl hərflərlə yazılacaqdır. Müzəffər Ali Baş Komandanımız möhtərəm Cənab İlham Əliyevin rəhbərliyilə Müzəffər Milli Ordumuzun şücaəti sayəsində otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız təcavüzkar Ermənistanın quldur ordusundan azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı. Vətənin müdafiəsinin qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş yüzlərlə gəncimiz sağlamlıqlarını belə qurban verdi. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu. Onların uyuduğu məkan müqəddəs ziyarət yeri oldu. Bu gün biz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Hər birimiz həm vətəndaş kimi, həm də tutduğumuz vəzifə çərçivəsində gənc nəslin onlar kimi formalaşmasında məsuliyyət daşıyırıq. Həyata keçirəcəyimiz təbliğatımızla şərəfli tariximizi və bu tarixin qəhrəmanlarını uşaq və gənclərimizin qan yaddaşına yazılmasına nail olmalıyıq. Bu mənada YAP Nəsimi rayon təşkilatı ardıcıl olaraq həm I Qarabağ, həm də Vətən müharibəsinin qəhrəmanlarının gənclər arasında təbliği məqsədilə müxtəlif tədbir və layihələr həyata keçirir. Rayon təşkilatı rayon ərazisində yaşayan şəhid ailələri və qaziləri ilə sıx əlaqələr saxlayır, onların problemlərinin həllinə çalışılır. Bu il Azərbaycan xalqı ilk dəfə olaraq, 27 sentyabr tarixini möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Şəhidlərin Anım Günü kimi qeyd edəcəkdir. Bu məqsədlə YAP Nəsimi rayon təşkilatı qarşıdakı müddət daxilində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur. Bu tədbirlərdən biri də Nəsimi rayon ərazisində yerləşən universitetlərdə təhsil alan gənclər arasında “Şəhid qardaşıma məktub” inşa yazı müsabiqəsidir. Mövcud koronavirus pandemiyasını nəzərə alaraq, müsabiqə online formatında keçiriləcəkdir. Müsabiqənin keçirilmə qaydaları YAP Nəsimi rayon təşkilatının səhifəsində verilmişdir. Bugünədək mindən çox gənc müsabiqədə iştirak etmək üçün müraciət etmişdir. Layihə çərçivəsində müsabiqənin təşkili məqsədilə təşkilat komitəsi və şəhid ailələri və qazilərin də daxil olduğu münsiflər heyyətinin ilk iclası keçirilmişdir. İclasda müsabiqənin 16 apreldən başlayaraq 16 may 2021-ci il tarixidə yekunlaşması qərara alınmışdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə