YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında 9 fevral tarixində ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə irəli sürülmüş Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdəki seçki prosesi haqqında təhsil işçilərinə məlumat verdi. Seçkilərə hazırlıqla bağlı görülən işlərdən, seçki qərargahının fəaliyyətindən, eləcə də, təbliğat kampaniyası çərçivəsində seçicilərlə keçiriləcək çoxsaylı görüşlərdən danışdı. O bildirdi ki, ölkəmizdə 125 dairə fəaliyyət göstərir. 123 dairədə YAP-ın namizədi təmsil olunur. 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Milli Məclisdəki fəaliyyətinə nəzər salaraq, bildirdi ki, Kamaləddin Qafarov gördüyü işlərlə artıq seçici nüfuzunu qazanıb. Böyük səs çoxluğu ilə qələbənin tam YAP-ın namizədinin tərəfində olduğuna əminliyini bildirdi. Rayon təşkilatı sədri seçiciləri layiqli namizədə səs verməyə çağırdı.
Görüşdə çıxış edən YAP-ın namizədi Kamaləddin Qafarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişaf parametrlərinə görə, dünyada analoqu olmayan uğurlara imza atdığını bildirdi. Qeyd etdi ki, dövlət başçısının yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, müxtəlif sahələrdə aparılan islahatlar böyük aktuallıq daşıyır: "Bildiyimiz kimi, dövlət başçısının siyasi iradəsi əsasında Azərbaycanda bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilir. Dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Müasir dövrün çağırışları, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsini zərurətə çevirib".
Kamaləddin Qafarov müasir dövrümüzdə müstəqil Azərbaycanın tamamilə yeni inkişaf dövrünü yaşadığını vurğulayaraq, ölkəmizin naliyyətləri və uğurlarının artdığını, əldə olunan nəticələrin insanların yaşayış səviyyəsində, rifah halında əyani təsdiqini tapdığını bildirdi. Bütün deyilənlərin fonunda bir reallıq nəzərə çarpır ki, həqiqətən də, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşdü: "Cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Təsadüfi deyil ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da yüksək qiymətləndirir. Ölkəmizin uğurları fonunda anti-Azərbaycan dairələrinin qarayaxma kampaniyasını da qeyd etməliyik. Bəzi müxalif qüvvələr həyata keçirilən ən ciddi sosial-iqtisadi layihələrin uğurlarına kölgə salmağa çalışsalar da, buna nail ola bilmirlər. Ölkəmizdə qarışıqlıq yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri boşa çıxıb. Azərbaycan xalqının müdrikliyi, liderinə verdiyi dəyər və birmənalı dəstək nəticəsində, ölkəmizin uğurlu inkişafı davam etdirilir. Təbii ki, uğurlu islahatların aparılması ölkəmizdə sabitliyin mövcudluğundan qaynaqlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir".
Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi mühüm dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. "Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsidir" deyən Kamaləddin Qafarov icbari tibbi sığortanın əhəmiyyətini diqqətə çəkdi. Bildirdi ki, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə, əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təminində önəmlidir.
Tibbi sığortaya keçidin bir çox üstünlükləri olduğunu deyən Kamaləddin Qafarovun sözlərinə görə, onun tətbiqi ilə biz bir sıra problemləri həll etmiş olacağıq. Qeyd etdi ki, ilk növbədə.ı hər bir vətəndaşın tibbi xidmətə əlçatanlığı təmin olunacaq. Vətəndaşlar pul xərcləmədən tibbi sığorta vasitəsilə klinikalarda müayinə və müalicə olunacaqlar.
"Bu gün Azərbaycan islahatlar dövrünü yaşayır" deyən Kamaləddin Qafarov Prezident tərəfindən həyata keçirilən islahatların hər şeyi köklü surətdə dəyişdiyini bildirdi. Azərbaycan yeni bir eranı kəşf etdi.
Seçicilər qarşısında çıxış edən Kamaləddin Qafarov YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, seçicilərin etimadını qazanaraq, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmaq üçün çalışacağını vurğuladı.
Sonra görüş diskussiya şəraitində davam etdirildi. Kamaləddin Qafarov seçicilərin problemləri ilə yaxından maraqlanaraq, onların ünvanladıqları sualları da cavablandırdı.
Yüksək əhvali-ruhiyyə ilə keçən görüşdə seçicilər artıq öz seçimlərini etdiklərini, YAP-ın namizədi Kamaləddin Qafarovu dəstəkləyəcəklərini bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...