ABŞ-ın Ermənistandakı səfiri: “Kosovo Dağlıq Qarabağ üçün presedent sayıla bilməz”

ABŞ-ın Ermənistandakı səfiri: “Kosovo Dağlıq Qarabağ üçün presedent sayıla bilməz”

Rəsmi Vaşinqton Ermənistana ayırdığı maddi yardımın yarısı qədər Azərbaycana maddi vəsait ayıracaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Konqres və idaredici heyət arasında bu məsələ ilə bağlı razılıq var. Bu razılığa əsasən ayrılan vəsaitlər Azərbaycanın keçid dövründə inkişafına köməklik göstərmək məqsədi daşıyır.

 

Hərbi sahəyə ayrılan vəsaitə gəlincə səfir bildirib ki, Azərbaycan və Ermənistana ayrılan maddi yardım regionda vəziyyətin gərginləşdirilməsinə hesablanmayıb: "Biz əmin edə bilərik ki, hərbiyə ayrılan vəsait regionda stabilliyə xidmət etmək üçün nəzərdə tutulub".

 

Erməni jurnalistinin "Kosovo Dağlıq Qarabağ üçün presedent sayıla bilərmi?" sualına cavabında səfir bunları deyib: "Biz hadisələrə nəzər yetirdikdə görürük ki, hər iki mübahisəli məsələ öz unikallığı və çətinliyi ilə bir birindən fərqlənir. Bunları bir-birinə bağlamaq olmaz. Əlbəttə, biz tarixdən hazırki problemlərin həllində istifadə etmək istəyirik. Lakin mövcud olan çoxlu sayda presedentlər var. Biz hazırda elə bir presedent seçməliyik ki, bu Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərə bilsin. Hesab edirəm ki, biz buna diqqət yetirməliyik. Çünki ATƏT-in Minsk qrupunun fəaliyyəti məhz bunun üzərində qurulub".

Bütün xəbərlər Facebook səhifəmizdə