“Azərbaycanın beynəlxalq nüfuzu yeni reallıqlarla möhkəmlənir” -DEPUTAT DANIŞDI

“Azərbaycanın beynəlxalq nüfuzu yeni reallıqlarla möhkəmlənir” -DEPUTAT DANIŞDI

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması ölkəmizin enerji potensialının miqyasını və bu sahədə əldə etdiyi nəticələri aydın şəkildə göstərir.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan yalnız neft və qaz ixrac edən ölkə deyil: “Xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin istehsalı və ixracı ölkəmizin çoxşaxəli enerji və sənaye imkanlarına malik olduğunu göstərir. Son illərdə yaradılan enerji infrastrukturu, yeni nəqli və ixrac imkanlarının formalaşdırılması Azərbaycanın regional və beynəlxalq enerji bazarlarında rolunu daha da gücləndirib. Eyni zamanda, enerji resurslarının müxtəlif istiqamətlər üzrə ixracı ölkəmizin bazarlardan asılılığını azaltmaqla enerji sektorunun dayanıqlılığını artırır”.

Deputat qeyd edib ki, Azərbaycanın enerji siyasətində yalnız mövcud resurslardan səmərəli istifadə deyil, həm də yeni enerji imkanlarının formalaşdırılması mühüm yer tutur: “Günəş, külək və digər bərpaolunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın gələcəyin enerji modelinə hazırlıq prosesinin mühüm tərkib hissəsidir. Ənənəvi enerji resursları ilə yaşıl enerjinin paralel inkişafı uzunmüddətli və dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biridir. Bu yanaşma həm ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına, həm də gələcəkdə bərpaolunan enerjinin ixrac imkanlarının genişləndirilməsinə şərait yaradır”.

Ü.Həmzəyevanın sözlərinə görə, Azərbaycanın enerji siyasətində əsas məqsədlərdən biri enerji resurslarının iqtisadi və geosiyasi imkanlara çevrilməsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın enerji potensialı yalnız iqtisadi gəlir mənbəyi deyil, ölkənin strateji imkanlarını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirən mühüm amilə çevrilib. Bu gün Azərbaycan qlobal enerji xəritəsində öz mövqeyini təbii sərvətləri ilə yanaşı, yaratdığı müasir infrastruktur, etibarlı tərəfdaşlıq münasibətləri və enerji layihələrinin həyata keçirilməsində qazandığı təcrübə ilə də möhkəmləndirir”.

Deputat vurğulayıb ki, Azərbaycanın enerji sahəsində əldə etdiyi nəticələr ölkənin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə də mühüm təsir göstərir: “Enerji layihələri Azərbaycanın müxtəlif dövlətlərlə iqtisadi və siyasi əlaqələrinin inkişafına, yeni əməkdaşlıq formatlarının yaranmasına imkan verir. Xüsusilə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə Azərbaycanın beynəlxalq enerji sistemində rolunu daha da artırır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin enerji keçidində də fəal iştirak etdiyini nümayiş etdirir”.

“Bütün bunlar göstərir ki, Azərbaycanın enerji strategiyası yalnız bu günün tələblərinə deyil, həm də gələcəyin çağırışlarına hesablanıb. Ənənəvi enerji resurslarının səmərəli istifadəsi, yeni yataqların işlənməsi, enerji ixracının şaxələndirilməsi və bərpaolunan enerji potensialının genişləndirilməsi ölkəmizin uzunmüddətli enerji strategiyasının əsas istiqamətlərini təşkil edir”, – deyə Ü.Həmzəyeva əlavə edib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə