Səhər bazara getməyin əsas üstünlüyü seçim imkanının geniş olmasıdır -EKSPERT DANIŞDI

Səhər bazara getməyin əsas üstünlüyü seçim imkanının geniş olmasıdır -EKSPERT DANIŞDI

Səhər tezdən bazara getməyin əsas üstünlüyü məhsul seçiminin daha geniş olmasıdır. Xüsusilə tərəvəz, meyvə, göyərti, balıq və ət kimi tez satılan məhsullarda günün əvvəlində daha təzə və çeşidli məhsul tapmaq mümkündür. Alıcı həmçinin məhsulu daha rahat seçir, satıcıların qarşısında növbə və sıxlıq az olur.

SİA xəbər verir ki, bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, qiymət baxımından erkən saatlarda avtomatik olaraq daha ucuz alış-veriş etmək qaydası yoxdur. Bazarlarda qiymət əsasən məhsulun keyfiyyətindən, təzəliyindən, tədarük həcmindən və satıcının alış qiymətindən asılıdır.

Akif Nəsirli qeyd edib ki, günün sonunda bəzi tez xarab olan məhsulların satıcının əlində qalması halında endirim etmək ehtimalı arta bilər. Bu baxımdan, pomidor, göyərti və meyvə kimi məhsullarda axşama doğru daha münasib qiymət təklifləri ilə rastlaşmaq mümkündür.

Ekspert bildirib ki, digər tərəfdən, səhər saatlarında satıcılar günün ilk alıcılarını cəlb etmək üçün bəzi məhsullarda qiymət güzəşti edə bilərlər. Xüsusilə topdan və böyük həcmdə alış zamanı səhər saatlarında daha sərfəli qiymət əldə etmək mümkün ola bilər. Lakin bu, bütün bazarlarda və bütün məhsullarda eyni deyil.

O vurğulayıb ki, səhər bazara getməyin əsas real üstünlüyü qiymətdən daha çox seçim və keyfiyyətdir. Ucuzluq axtaran istehlakçı üçün isə günün müxtəlif saatlarında eyni məhsulun qiymətini müqayisə etmək daha düzgün yanaşmadır.

“Bazarda qiymət fərqini yaradan əsas amil saatdan çox məhsulun təzəliyi, keyfiyyəti, mövsümiliyi və satıcının həmin günkü satış vəziyyətidir”, – deyə ekspert əlavə edib.

Akif Nəsirlinin sözlərinə görə, alıcılar yalnız məhsulun qiymətinə deyil, onun keyfiyyətinə və çəkisinə də diqqət yetirməlidirlər. Eyni məhsulun müxtəlif satıcılarda fərqli qiymətə təklif olunması normaldır və buna görə alışdan əvvəl bir neçə piştaxtadakı qiymətləri müqayisə etmək istehlakçı üçün daha sərfəli seçim imkanı yarada bilər.

Ekspert hesab edir ki, bazara hansı saatda getmək məsələsində istehlakçının məqsədi də nəzərə alınmalıdır. Daha geniş çeşid və təzə məhsul istəyənlər üçün səhər saatları, daha münasib qiymət axtaranlar üçün isə günün sonuna yaxın saatlar alternativ yarada bilər. Lakin konkret məhsul üzrə qiymət fərqinin yaranması bazardakı tələb, təklif və həmin günün satış vəziyyətindən asılıdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə