"Humanitar əməkdaşlıq münasibətlərin mühüm istiqamətidir" - ŞƏRH EDİLDİ

"İki prezident - İlham Əliyev və Volodimir Zelenskinin mətbuata verdikləri açıqlamalar Azərbaycan-Ukrayna münasibətlərinin əsas istiqamətlərini və gələcək əməkdaşlıq perspektivlərini aydın şəkildə ortaya qoydu. Bu açıqlamalar həm hər iki ölkənin ictimaiyyəti, həm də siyasi dairələri üçün mühüm əhəmiyyət daşıyır. Çünki qarşıdakı mərhələdə atılacaq addımların konturları məhz bu çıxışlarda müəyyənləşdirildi".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun olduğu bir daha təsdiqləndi: "Bu kontekstdə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyin dəyişməz mövqe olduğu açıq şəkildə ifadə olundu. Bu yanaşma hazırkı mürəkkəb şəraitdə Ukrayna üçün olduqca əhəmiyyətlidir.

Məlumdur ki, Ukrayna hazırda müharibə və onun doğurduğu humanitar böhranlarla üz-üzədir. Bu baxımdan Azərbaycanın göstərdiyi humanitar dəstək xüsusi önəm kəsb edir. Görüş zamanı bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyi bir daha vurğulandı və beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyi açıq şəkildə çatdırıldı.

Eyni zamanda, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi diqqət çəkir. Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnu açıq şəkildə dəstəkləyir və bu istiqamətdə ardıcıl siyasət yürüdür. Bu, beynəlxalq münasibətlər sistemində məsuliyyətli və balanslı yanaşmanın göstəricisidir.

Humanitar sahədə əməkdaşlıq da xüsusi qeyd olunmalıdır. Ukraynalı uşaqların və tələbələrin Azərbaycanda reabilitasiya proqramlarında iştirak etməsi iki ölkə arasında humanitar əlaqələrin real nəticələrindən biridir və bu, münasibətlərin yalnız siyasi deyil, həm də insani ölçüsünü nümayiş etdirir.

Prezidentlərin açıqlamalarında səsləndirilən tezislər göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri həm siyasi, həm humanitar, həm də beynəlxalq hüquq prinsipləri əsasında inkişaf edir. Bu yanaşma münaqişə şəraitində olan digər ölkələr üçün də nümunəvi model kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə