“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən bu fikir bir daha təsdiq edir ki, regionda davamlı sülhün və sabitliyin təmin olunması yalnız formal bəyanatlarla deyil, real təmaslar, açıq dialoq və qarşılıqlı etimad mühitinin formalaşdırılması ilə mümkündür”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində etimad ən vacib amillərdən biri hesab olunur və onun qurulması uzunmüddətli, ardıcıl səylər tələb edir:
” Məhz bu baxımdan Azərbaycan tərəfinin atdığı addımlar və irəli sürdüyü təşəbbüslər xüsusi diqqətə layiqdir.
Xüsusilə Edqars Rinkeviçs ilə keçirilən görüş çərçivəsində bu mesajın verilməsi Azərbaycanın xarici siyasət kursunun nə qədər balanslı və praqmatik olduğunu nümayiş etdirir. Bu görüş təkcə iki ölkə arasında münasibətlərin inkişafı deyil, eyni zamanda Azərbaycanın beynəlxalq arenada dialoqa açıq, əməkdaşlığa hazır və konstruktiv tərəfdaş kimi çıxış etdiyini bir daha göstərir. Bu cür təmaslar Azərbaycanın regionda və daha geniş coğrafiyada etibarlı tərəfdaş imicini gücləndirir.
Hesab edirəm ki, Azərbaycan və Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri artıq yeni siyasi reallığın formalaşdığını göstərir. Bu görüşlər yalnız diplomatik protokol xarakteri daşımır, əksinə, uzun illər davam edən qarşıdurma və etimadsızlıq mühitinin tədricən aradan qaldırılmasına xidmət edir. Qarşılıqlı səfərlər, birbaşa ünsiyyət və açıq müzakirələr tərəflər arasında anlaşmanın dərinləşməsinə, yanlış təsəvvürlərin aradan qalxmasına və daha sağlam münasibətlərin qurulmasına zəmin yaradır.
Bu proses həm də regionda yeni əməkdaşlıq modelinin formalaşması üçün mühüm platforma rolunu oynayır. İqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsi yalnız tərəflər üçün deyil, bütövlükdə region üçün yeni inkişaf perspektivləri açır. Bu isə öz növbəsində sabitliyin möhkəmlənməsinə və uzunmüddətli sülhün təmin olunmasına töhfə verir.
Azərbaycan bu prosesdə təşəbbüskar və məsuliyyətli tərəf kimi çıxış edir. Ölkənin mövqeyi açıq şəkildə sülhə, qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına yönəlib. Atılan hər bir addımın məqsədi regionda davamlı sabitliyin təmin olunması, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və gələcək nəsillər üçün daha təhlükəsiz mühitin yaradılmasıdır.
Müşahidə olunan bu proseslər artıq qarşıdurmadan əməkdaşlığa keçidin real başlanğıcı kimi qiymətləndirilə bilər. Əsas məsələ bu dinamikanın qorunub saxlanılması, əldə olunan nəticələrin möhkəmləndirilməsi və dialoq mühitinin davamlı xarakter almasıdır. Bu istiqamətdə atılan addımlar regionun gələcəyini müəyyən edən əsas amillərdən biri olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB