"III Bakı Təhlükəsizlik Forumu haqqında danışmadan öncə qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində mövqeyinin və rolunun artması ölkəmizi, o cümlədən paytaxt Bakını belə mötəbər tədbirlər üçün ev sahibliyi etməyə layiq etmişdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
O bildirib ki, bu gün dünyada müharibələrin və terror risklərinin artdığı bir dövrdə həm regional, həm də qlobal təhlükəsizliyin təmin olunması, xüsusilə humanitar böhranlar zamanı yaranan vəziyyətlərdə insanların təhlükəsizliyinin qorunması baxımından təhlükəsizlik orqanlarının fəaliyyəti olduqca əhəmiyyətlidir: "Bu fəaliyyət həm informasiya mübadiləsini, həm də bəzi hallarda, xüsusilə fəlakətlər yaşanmazdan əvvəl koordinasiyalı hərəkət edilməsini əhatə edir və böyük fayda verir. Adından da göründüyü kimi, üçüncü forumda əvvəlkilərlə müqayisədə diqqətin və marağın artdığı müşahidə olunmuşdur. Tədbirə qatılan ölkələrin sayı bunu açıq şəkildə göstərir. Sonuncu forumda dünyanın 90 ölkəsindən təhlükəsizlik xidmətlərinin əməkdaşlarının iştirakı Bakı Təhlükəsizlik Forumunun həm qlobal, həm də regional təhlükəsizlik məsələlərinin müzakirəsində ciddi bir platformaya çevrildiyini nümayiş etdirir.
Forumun açılışında Azərbaycan Respublikası Prezidentinin ünvanladığı müraciət də əhəmiyyətlidir. Müraciətdə forumun fəaliyyətinin yüksək qiymətləndirilməsi və qarşıda duran vəzifələrin yalnız ölkəmiz və region üçün deyil, bütün dünya üçün önəmi vurğulanmışdır. Bu, xüsusilə dünyada baş verən terror aktları, silahlı münaqişələr zamanı insanların xilas edilməsi, texnogen qəzalar və təbii fəlakətlər zamanı hadisələrin qarşısının alınması baxımından əhəmiyyət daşıyır. Beləliklə, artıq Bakı dünya miqyasında, regional səviyyədə problemlərin həllində vacib bir mərkəzə çevrilmişdir. Forumda qəbul olunan qərarlar isə bundan sonrakı hadisə və proseslərin gedişində mühüm rol oynayacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə