“ŞƏT-də qəbul olunan qərarlar Azərbaycanın mövqelərini gücləndirir” - ŞƏRH EDİLDİ

“Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti müasir beynəlxalq münasibətlərdə əhəmiyyətli hadisədir. Çünki bu təşkilat dünyanın həm iqtisadi, həm də siyasi baxımdan ən böyük güc mərkəzlərini özündə birləşdirir. Bu sammitdə qəbul edilən qərarlar yalnız üzv ölkələr üçün deyil, bütövlükdə region və dünya üçün mühüm nəticələr doğura bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, sammit çərçivəsində verilən qərarlar regional sabitliyin möhkəmləndirilməsinə yönəlir. Terrorizm, separatizm, narkotik qaçaqmalçılığı kimi təhlükəsizlik problemləri ilə mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu isə birbaşa olaraq regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Azərbaycanın da bu istiqamətdə təcrübəsi və təşəbbüsləri sammit müzakirələrində önəmli rol oynayır: "İkinci mühüm məqam iqtisadi əməkdaşlıqdır. ŞƏT üzv ölkələri dünya iqtisadiyyatında böyük çəkiyə malikdir. Burada qəbul olunan qərarlar yeni ticarət marşrutlarının açılmasına, enerji layihələrinin inkişafına və nəqliyyat dəhlizlərinin genişlənməsinə imkan yarada bilər. Azərbaycan Orta Dəhliz və enerji layihələri ilə artıq bu əməkdaşlığın mərkəzindədir. Deməli, sammitin nəticələri Azərbaycanın tranzit və enerji mərkəzi kimi mövqelərini daha da möhkəmləndirəcək. Üçüncü mühüm amil isə geosiyasi balans məsələsidir. Qərblə Şərq arasında yeni qarşıdurma elementləri fonunda ŞƏT kimi təşkilatlar alternativ əməkdaşlıq formatı təklif edir. Azərbaycanın həm Qərb, həm də Şərqlə əməkdaşlıq edən balanslı siyasəti ölkəmizə əlavə üstünlüklər qazandırır. Bu sammitdə iştirak Azərbaycan diplomatiyasının çoxvektorlu xarakterini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın sammitdə iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bu, dövlətimizin təkcə regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş imicini gücləndirir. Beləliklə, Çində keçirilən ŞƏT sammitində qəbul olunan qərarlar regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi balans baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan isə bu proseslərin fəal iştirakçısı kimi həm regionda, həm də dünyada öz mövqelərini möhkəmləndirir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə