""İnformasiya Vətəni"nin keşikçiləri, onu qoruyan əsgərləri jurnalistlərdir" - ŞƏRH EDİLDİ
"Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncam və tədbirlər planı əslində milli bayrama çevriləcəkdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, nəticə etibarilə hər bir ölkənin milli mətbuatı onun ən intellektual institutlarından biridir: "Cəmiyyəti maarifləndirən institutdur. İctimai rəyin, ictimai şüurun keyfiyyətini təyin edir. Eyni zamanda milli enerjini milli məqsədlər uğrunda səfərbər edə bilir.
Mətbuatın çoxsaylı funksiyaları ilə bərabər bir funksiyası da dediyimiz məsələlərdir. Bu isə bir millətin inkişafı üçün çox mühüm platforma yaradır. Ona görə də, daima Azərbaycan Prezidenti tərəfindən Azərbaycan mediasına diqqət göstərilir. Onun inkişafı ilə bağlı yeni əsaslar yaradılır. Yeni mərhələdə medianın rəngarəngliyinin artması kontekstində yeni innovativ resursların media aləti kimi istifadə edildiyi vaxtda, sosial media kimi yeni anlayışların cəmiyyətimizə daxil olduğu və daha funksional olduğu bir vaxtda, internet resursları üzərində yeni media nümunələrinin yarandığı vaxtda medianın əhəmiyyəti daha da artır. Buna görə də, düşünürəm ki, əslində Azərbaycan Prezidentinin imzaladığı sərəncam həm də bu kontekstdə mediamızın gələcəyini təmin edəcək sərəncamdır.
Məsələ ondan ibarətdir ki, bu gün "informasiya Vətəni" adlandırdığımız "virtual Vətən"imiz yaradılıb. Bu "informasiya Vətəni"nin keşikçiləri, onu qoruyan, mühafizə edən əsgərləri jurnalistlər, media mənsublarıdır. Bu informasiya savaşı, müharibəsi də yalnız medianın güclü olduğu təqdirdə qazanıla bilər. Hansı ki, bu gün hibrid müharibələrin əsas komponentlərindən biri informasiya müharibələridir. Ona görə, düşünürəm ki, Azərbaycan mediasının 150 illik yubileyi təkcə yubiley tədbirləri olmamalıdır. Həm də milli mediamızın xalqımız qarşısında bir hesabatına çevrilməlidir. Medianın özünün özü qarşısında hesabatına çevrilməlidir. Fürsətdən istifadə edərək biz fəaliyyətimizi qiymətləndirməli və gələcək fəaliyyətlərimizlə bağlı prioritetləri təyin etməliyik ki, bu prioritetlər siyasi kontekstdə Azərbaycan Prezidenti tərəfindən konseptual şəkildə qoyulub. Yeni reallıqda yeni milli vəzifələrimizin icra edilməsi üçün medianın bütün enerjisi məhz bu istiqamətdə səfərbər edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə