"Türkiyədə və Türkiyə ətrafında terrorun dayandırılması bölgə ümumiyyətlə, Yaxın və Orta Şərq üçün olduqca böyük əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, terrorsuz Türkiyə bütün bölgənin sabitliyi üçün olduqca mühüm, müsbət təsir edən amildir: "Terrorsuz Türkiyə həm də Türkiyə dövlətinin hər baxımdan güclənməsinə gətirib çıxaracaq bir hadisədir.
Belə ki, məhz PKK terroru dönəmində Türkiyə Cümhuriyyətinin yarım trilyona qədər vəsaitləri terrorla mübarizəyə sərf olunub. Türkiyənin maliyyə zərərləri 500 milyard dollara yaxın vəsaitdir. Bu, olduqca böyük rəqəmdir. Bu həcmdə maliyyə vəsaitləri terror olmasaydı, Türkiyənin inkişafına yönəlsəydi, Türkiyə indi hansı səviyyədə inkişaf göstəricilərinə malik olardı, təsəvvür etmək belə çətindir.
Terrorsuz Türkiyə güclü Türkiyə deməkdir. Güclü Türkiyə bölgədə barış və sülh, ədalət deməkdir. Bu, həm Yaxın, Orta Şərq, eyni zamanda Güney Qafqazda belə bir durumun yaranmasına ciddi şəkildə təsir edəcək amildir. Terrorsuz Türkiyə Türkiyə cəmiyyətinin inkişafına, Türkiyə cəmiyyətində qarşıdurmaların səngiməsinə və ciddi iqtisadi inkişafa gətirə biləcək bir hadisə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə