"Ermənistan sürətlə silahlanmağa davam edir" - MÜSAHİBƏ

Hərbi ekspert Şair Ramaldanovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Ermənistan hal-hazırda hansı müttəfiqlərindən kömək gözləyir?

- 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan ordusu Ermənistanın işğalçı qüvvələrini, ordusunu darmadağın edib və onun nümunələri də məhz müvafiq “Qənimətlər Parkı"nda öz əksini tapıb. Sonra isə Ermənistan generalları Ali Baş Komandana müraciət etmiş, Ermənistan ordusunun silah-sursatla təminatı məsələsini qoymuşdur. Ondan sonra Ermənistan silah alma axtarışına çıxmış və əlbətdə burada özlərinə havadarlar da tapmışdılar. Rusiyanın Ukraynaya başı qarışdığı üçün təbii ki, Rusiya artıq Ermənistanı istədiyi kimi silahlandıra bilməmişdi. Ermənistan isə həmişə olduğu kimi öz müttəfiqinin yanaşmasına zidd olaraq, məhz başqa havadarlarının axtarışına başlamışdır. Burada həmişə olduğu kimi Fransa, Avropa Birliyinin bəzi ölkələri Ermənistana dəstək verəcəyi haqqında vədlər vermişdir.

- Ermənistana bu köməklərin və vədlərin verilməsi hansı məqsədləri güdür?

- Əlbəttə bu vədlər əbəs yerə verilməmişdir. Biz bilirik ki, Orta Dəhliz məsələsi gündəmdədir. Bizim regionda müəyyən bir qüvvələrin, Ermənistana havadarlıq edən ölkələrin bu regiondan, Rusiyadan Ermənistanı sıxışdırmaq niyyəti, Cənubi qonşu İran İslam Respublikaya qarşı olan müəyyən proseslər hal-hazırda hədəfdir. Region bu məsələlərə qarşıdır. Ermənistan isə sadəcə bir ərazi baxımından, müstəqil, de-fakto olmayan dövlət və hakimiyyət kimi mövqelərindən və siyasətindən istifadə edərək öz çirkin əməllərini bu regionda inkişaf etdirmək istəyirlər. Bu proyektdə Azərbaycanın Ermənistanla müharibə şəraitini istifadə edərək, məhz Ermənistana təhlükə dalğası ilə sövq edərək silahlandırmağa başlamışdılar.

- Ermənistan əsas hansı ölkədən silah alır?

- Əlbəttə əsas Ermənistana silah satan ölkə Hindistandır. Avropa Birliyində isə Sülh Fondudur. Təəssüflər olsun ki, Sülh Fondu adlandırsa da özünün sülhə heç bir adiyyatı olmayan, silah alıb, Ermənistanı silahlandırmaqla məşğuldur. Bu da yenə də ikili standartlardan xəbər verir. Düşünürəm ki, belə fond sadəcə Avropa Birliyində olan Sülh Fondudur. Başqa donor təşkilatlar da burada iştirak edir. Hindistan bəzi silah və texnika, yəni raket yayım vasitələri, bastyon tipli zirehli texnika, elektron mübarizə vasitələri, hava hücumundan müdafiə sistemi üçün radiolokasiya stansiyaları, tank əleyhinə vasitələr və indi dəbdə olan pilotsuz uçuş aparatları ilə Ermənistan orudusunu sürətlə silahlandırır. Prinsip cəhətdən Ermənistan son zamanlar artıq bu müqavilələrin həyata keçirmə prosesi mərhələsini yaşayır.

- Avropa İttifaqının Ermənistanı silahlandırmasında hər hansı xüsusi bir səbəb varmı?

- Avropa İttifaqının, xüsusilə Fransanın, digər Afrika ölkələrində və ərazilərdə kolonyaların itirildiyini müşahidə edirik. Avropa İttifaqı isə bunun müəyyən bir şəkildə əvəzini məhz Ermənistanda axtarır. Həmçinin Avropa Birliyinin gücündən də istifadə edərək öz çirkin siyasətini aparmaq, maraqlarını təmin etmək üçün bir platforma yaradılır. Əlbəttə Avropa Müşahidə Missiyası fəaliyyət göstərir. Bunu isə Avropanın yox, NATO-nun Müşahidə Missiyası kimi qəbul edirəm. Fikrimcə, apardığı əməllərə və siyasətinə görə NATO-nu mini hərbi təşkilatı kimi də qiymətləndirmək olar. Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı Qlobal Formunda həm Ermənistanın siyasəti və silahlandırılması ilə bağlı, həm Ermənistanın bu regiona olan təhlükəsi ilə bağlı geniş və əsaslı şəkildə Ermənistanın iç üzünü göstərmişdir. Bu siyasət nəticəsində cənab Prezident Ermənistanı silahlandıranlara da öz mesajını verdi.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə